Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-832/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Cavabdeh qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqında” ##.##.2025-ci il tarixli, *********** №-li qərarın surətindən müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh məxsus əmlakın siyahıya alınması qərara alınmışdır.
2. “Vergi borcunun ödənilməsinə dair” *********** №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh (VÖEN: 1901095772) ##.##.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 910.43 manat, o cümlədən vergilər üzrə 670.02 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 140.41 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu var.
3. Cavabdeh (VÖEN: 1901095772) aid ##.##.2025-ci il tarixdə çap olunmuş şəxsi hesab vərəqinin surətindən müəyyən olunur ki, hesablanmışdır 3.010,30 manat, ödənilmişdir 1.956,60 manat, azaldılmış məbləğ 579,90 manat, çap tarixinə faiz borcu 147,61 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – 622,01 manat, çap tarixinə saldo – 622,01 manat, cəmi ödənilməli borc məbləği 622,01 manat təşkil edir.
4. “Əmlakın siyahıya alınması haqqında” ##.##.2025-ci il tarixli, *********** №-li protokol və protokola əlavənin surətindən müəyyən olunur ki, Cavabdeh məxsus manat dəyərində əmlakı –qiyməti 7000 manat olan “Volkswagen Passat” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili siyahıya alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 622.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 7000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı bildirir ki, Vergi ödəyicisi olan Cavabdeh (VÖEN 1901095772) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##.##.2025-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin ##.##.2025-ci il tarixə yaranan 652 manat borcuna görə 7000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə ##.##.2025-ci il tarixli *********** saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin ##.##.2025ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 622.00 manat ödənilməmiş borcu qalmışdır.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Əmlakın siyahıya alınması barədə Qərar ##.##.2025-ci il tarixdə çıxmışdır. Belə ki, vergi borcu COVİD-19 Pandemiyası vaxtı isə 2020-ci ildə yaranmışdır. Qeyd olunan tarixdən iddiaçı tərəfindən hər-hansı bir tədbir görülməmişdir. Digər tərəfdən, iddiaçının onun üçün müəyyən etdiyi 652 AZNlıq vergi borcuna görə onun 7.000AZN-lıq əmlakı DVX tərəfindən ##.##.2025 tarixli *********** saylı protokolu ilə qanunsuz olaraq siyahıya alınmışdır. Qeyd edilməlidir ki, İddiaçı qismində çıxış edən inzibati orqana olan borcu COVİD-19 Pandemiyası dövründə ##.##.2020-##.##.2021-ci il tarixləri arasında yaranmışdır. Həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən pandemiya dövründə çətin şəraiti nəzərə alaraq “Azərbaycan Respublikası Vergi Məcəlləsinə Dəyişikliklərin Edilməsi haqqında” Azərbaycan Respublikasının 2020- ci il 8 may tarixli Qanunun tətbiq edilməsi ilə bağlı Fərman imzalanmışdır. Həmin Fərmana əsasən vergi yükü 2 faizdən 1 faizə endirilmişdir. Lakin, həmin güzəşt ona tətbiq edilməmişdir. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Burada DVX-nın barəsində tərtib etdiyi ##.##.2025 tarixli *********** saylı protokol Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb etmə müddətini ötürülərək tərtib edildiyinə görə qanunsuz və əsassızdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin barəsində qanunsuz və əsassız olaraq qəbul etdiyi ##.##.2025-ci il tarixli *********** saylı protokolun və ##/##/2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh (VÖEN: 1901095772) ##.##.2025-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş 622.00 manat borcuna görə siyahıya alınmış 7000 manat dəyərində əmlakı (“Volkswagen Passat” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobil) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) vasitəsilə satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilməsi və satışdan artıq qalan məbləğin Cavabdeh (VÖEN: 1901095772) qaytarılması barədə qərar qəbul edilmişdir.
9. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Belə ki, iddiaçı məhkəmə iclasının səhhətində yaranmış problemlə bağlı təxirə salınmasını xahiş etsədə bununla bağlı əsaslı dəlillərini məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası iclası tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.6. Müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2 Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3 Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.10 Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən) 19.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 20.Hazırkı işin hallarından görünür ki, vergi ödəyicisi fiziki şəxs Cavabdeh (VÖEN: 1901095772) ##.##.2025-ci il tarixli, *********** №-li qərar üzrə Dövlət büdcəsinə 622.00 manat vergi borcu olmuş, vergi orqanı ona borcun ödənilməsi barədə bildiriş göndərmiş, həmin bildirişlərdə cavabdehdən Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda həmin borcun vaxtında ödənilməməsinə görə qanunvericiliklə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə xəbərdarlıq edilmişdir, hansı ki, həmin tədbirlərdən biri kimi Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlakların siyahıya alınması göstərilmişdir.
21. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müvafiq sorğu verilmişdir. Həmin sorğuya cavab məktubundan görünür ki, Cavabdeh (VÖEN: 1901095772) ##.##.2025-ci il tarixli, *********** №-li qərar üzrə dövlət büdcəsinə ##.##.2026-cı il tarixə 622,0 manat borc ödənilməmişdir. 22.Azərbaycan Respublilası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən ##.##.1985-ci il təvəllüdlü Cavabdeh adında ##.##.2019cu il tarixdən “Volkswagen Passat” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.
23. “xxxx” ASC tərəfindən verilmiş cavab məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh (FİN: *******) məxsus ##.##.2026-cı il tarixə AZ**IBAZ******************** saylı hesabın qalığı 0.00 (sıfır) USD, AZ**IBAZ******************** saylı hesabın qalığı 0.00 (sıfır) AZN təşkil edir.
24. “X2” ASC tərəfindən verilmiş cavab məktubuna əsasən müəyyən olunur ki, ##.##.1985-ci il təvəllüdlü Cavabdeh “X2” ASC-də bank hedabları mövcuddur. Cavabdeh məxsus bank hesablarında pul vəsaiti mövcud deyil.
25. Cavabdeh adına “xxxx” ASC-də hər hansı bank hesabı aşkar edilməmişdir.
26. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə bildiriş göndərilməsinə baxmayaraq, borc məbləği ödənilməmiş, eyni zamanda cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmiş, borcun ödənilməsi barədə hər hansı bir sübutu da məhkəməyə verməmişdir. Odur ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır.
27. Qanunvericiliyin normalarından göründüyü kimi əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.