Məhkəmə qərarları › İş №e-2-1(3-8)-1041/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-8)-1041/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-1(3-8)-1041/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əzizova Vəfa Ehtiram qızı (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh “xxxx” X1n nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, “xxxx” X1, cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı “valideyn himayəsindən məhrum olması statusunun təsdiq edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-*)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, “xxxx” X1, cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, İddiaçı (##.##.1992,AA6883276,fin *******) valideyn (hər iki valideynlərin) himayəsindən məhrum olması statusunun təsdiq edilməsi və öhdəliklərin (vəzifələr) cavabdehlərin (** nömrəli Xüsusi Internat Məktəbinin və Bakı Şəhəri üzrə Təhsil Idarəsinin və Elm və Təhsil Nazirliyinin) üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı valideyn (hər iki valideynlərin) himayəsindən məhrum olması statusunun təsdiq edilməsi və öhdəliklərin (vəzifələr) cavabdehlərin (** nömrəli Xüsusi Internat Məktəbinin və Bakı Şəhəri üzrə Təhsil Idarəsinin və Elm və Təhsil Nazirliyinin) üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ** nömrəli xüsusi internat məktəbində təhsil almış, valideynləri onu himayəsiz qoymuş, orada oxuduğu müddətdə nə valideynləri, nə də digər yaxın qohumları ona baş çəkməmişdir. Bu fakt ** nömrəli xüsusi internat məktəbinin keçmiş direktorunun verdiyi rəsmi arayışlarla, anasının notarial qaydada təsdiq olunmuş imtina/şahidlik ərizəsi ilə, atasının ölüm haqqında şəhadətnaməsi və iddiaçıya verilmiş attestatla öz sübutunu tapır. Hətta 2020-ci ildə məhz bu statusuna (valideyn himayəsindən məhrum olmasına və internatda oxumasına) əsasən dövlət tərəfindən Təhsil Nazirliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə iddiaçı mənzil ilə təmin olunmuşdur. Lakin hazırda birdəfəlik maddi yardımın (müavinətin) alınması üçün tələb olunan yenilənmiş arayışın verilməsindən ** nömrəli Xüsusi Internat Məktəbinin indiki rəhbərliyi əsassız olaraq imtina edir, arxivin olmadığını bəhanə gətirir və 35 gündən artıq müddət keçməsinə baxmayaraq yazılı müraciəti cavabsız qoyur. Halbuki internat məktəbi müəllimlərin şahidlik aktı və əvvəlki sənədlər əsasında bu arayışı verə bilərdi. Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil Idarəsi və Sosial Xidmətlər Agentliyi isə məsələni bir-birinin üzərinə ataraq statusun məhkəmə qaydasında təsdiqini tələb edirlər. Əvvəllər hüquqi faktın təsdiqi barədə rayon məhkəməsinə edilmiş müraciət isə inzibati icraat qaydasında öhdəlik qoyulması tələbi ilə baxılmalı olduğu üçün geri qaytarılmışdır. Qeyd olunanalara əsasən, İddiaçı "valideyn (hər iki valideyninin) himayəsindən məhrum olması, internat məktəbində təhsil alması və təhsil aldığı müddətdə yaxın qohumları tərəfindən ziyarət olunmaması" statusu təsdiq edilsin və müvafiq sənədin verilməsi öhdəliyi cavabdehlərin (** nömrəli Xüsusi Internat Məktəbi, Bakı Şəhəri üzrə Təhsil Idarəsi və Elm və Təhsil Nazirliyi) üzərinə qoyulmasını və vəsatət təqdim edərək Bakı şəhəri ** nömrəli Xüsusi Internat Məktəbinin üzərinə rəsmi müraciətə yazılı cavab təqdim etmək öhdəliyi qoyulsun və məhkəmə tərəfindən cavabdehdən tələb olunsun ki, iddiaçıya internat məktəbində oxuduğu müddətdə yaxın qohumları tərəfindən ziyarət edilməməsi və statusu barədə arayışın nəyə əsasən verilmədiyinə dair rəsmi mövqeyini məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, “xxxx” X1, cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı “valideyn himayəsindən məhrum olması statusunun təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərardad onunla əsaslandırılmışdır ki, IPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Daha sonra iddiaçı qərardadan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə yenidən Sumqayıt Inzibati Məhkəməsində baxılması üçün göndərilməsi və ya apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Bakı Inzibati Məhkəməsində qaldırdığı əvvəlki iddia ilə bu iddia eyni deyildir, çünki əvvəlki iddiada 2 tələbi olduğu halda, hazırkı iddiada 1 tələbi vardır və həmin vaxt Abşeron rayonunda qeydiyyata düşdüyü üçün işə Sumqayıt Inzibati Məhkəməsi baxmışdır. Bundan başqa, iddiaçı əlavə etmişdir ki, birinci instansiya məhkəməsində hüquqi savadsızlığından istifadə olunaraq mənəvi təzyiq göstərilmiş, oxumadan iddanı geri götürmək barədə hazır şablon ərizəyə imza atdırılmışdır. Iddiaçı həmin imzanı təsir altında atdığını, iddianı geri götürmək barədə ərizəni təsdiq etmədiyini, məhkəmə zalındakı kamera görüntülərinə baxıla biləcəyini bildirmiş və iddianın geri götürülməsi haqqında ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsi və işə yenidən Sumqayıt Inzibati Məhkəməsində baxılması üçün göndərilməsi və ya apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə yenidən Sumqayıt Inzibati Məhkəməsində baxılması üçün göndərilməsi və ya apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” X1n nümayəndəsi X4 apellyasiya şikayətinin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi Inzibati Prosessual Məcəllədə tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi həmin Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı işdə icraatın davam etdirilməsinə marağın olmaması iddiaçının bilavasitə özünün aktiv davranışından – iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Iddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. «X2 şikayətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli Qərarında göstərilir ki, Inzibati-Iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericiliklə nəzərdə tutulmaması, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bundan başqa “Məhəmməd Məmmədovun şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq nail olmaq istədiyi məqsədə çatmaq üçün müvafiq iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək imkanına malikdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq nail olmaq istədiyi məqsədə çatmaq üçün müvafiq iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək imkanına malikdir. IPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici IPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda IPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTICƏVI HISSƏ Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-*)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar