Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-1(3-8)-970/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “1.826,80 manat MDSS haqqının və 276,74 manat penyanın (maliyyə sanksiyasının), cəmi 2.103,54 manat borc məbləğinin onun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Işin halları Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1.826,80 (min səkkiz yüz iyirmi altı manat səksən qəpik) manat MDSS haqqının və 276,74 (iki yüz yetmiş altı manat yetmiş dörd qəpik) manat penyanın (maliyyə sanksiyasının), cəmi 2.103,54 (iki min yüz üç manat əlli dörd qəpik) manat borc məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hüquqşünas olmadığı üçün, həmçinin elektron məhkəmə sistemindən anlayışı olmadığı üçün məhkəmənin qərarının sistemə yüklənməsindən xəbəri olmamış, həmçinin qərar ona poçt vasitəsi ilə də göndərilməmişdir. ##.##.2026-cı il tarixdə emailə məlumat gəlmiş, məlumatı araşdıran zaman müəyyən edə bilmiş ki, qərar sistemə yüklənmişdir. Bundan sonra qərardan şikayət yazılmış, ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş və şikayət ##.##.2026-cı il tarixdə apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasında iddiaçı İddiaçı iştirak edərək, izahat verərək, öz izahatında ərizənin təmin edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X2 iştirak edərək,izahat verərək, öz izahatında apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. Inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. .... Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizənin dəlillərini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, hesab edir ki, məhkəmə qərarından iddiaçı tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına” dair ərizəsi təmin edilməməli, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Kollegiya ərizənin əsaslılığı və şikayətin mümkülüyü məsələsi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ##.##.2026-cı il tarixdə yekun məhkəmə aktı qəbul edilmiş, ##.##.2026-cı il tarixdə məhkəmə aktı elektron kabinet vasitəsilə iddiaçıya, cavabdeh və üçüncü şəxsə göndərilmişdir. Həmçinin, elektron məhkəmə informasiya sistemində əks olunmuş məlumatdan görünür ki, iddiaçıya məxsus şəxsi elektron kabinet ##.##.2023-cü il tarixdən mövcud olmuş, məhkəmə qərardadı elektron kabinetə yerləşdirilməklə, ona çatdırılması təmin edilmişdir. Göründüyü kimi iddiaçı ##.##.2026-cı il tarixdən elektron kabinet vasitəsilə müvafiq məhkəmə qərarı barədə məlumatlı olması halı işin mübahisəsiz halıdır. Iddiaçı tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə poçt şöbəsinə, ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə iddiaçının müvafiq məhkəmə qərarını elektron kabinet vasitəsilə təhvil aldığı vaxtdan, qanunla müəyyən edilmiş qaydada 30 gün müddətində (##.##.2026-cı il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə poçt şöbəsinə, ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edildiyindən, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Indiki halda isə iddiaçı qanunla müəyyən edilmiş müddətin ötürülməsinə əsas olan üzrlü hal kimi elektron kabineti əvvəllər mövcud olsa da, elektron məhkəmə sistemindən anlayışı olmadığı üçün məhkəmənin qərarının sistemə yüklənməsindən xəbəri olmaması, həmçinin qərar ona poçt vasitəsi ilə də göndərilməməsi, email poçt ünvanına ##.##.2026-cı il tarixdə daxil olmuş məlumat əsasında məhkəmə qərarının sistemə yüklənməsi barədə məlumatlı olması halına istinad etmişdir. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı qeyd edir ki,inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda sənədlərin, o cümlədən şikayətlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin çatdırılması məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir, bu qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə aktından şikayət verilmə müddətinin axımı məhz məhkəmə aktının rəsmi qaydada çatdırıldığı andan (elektron kabinetə yerləşdiyi andan) andan hesablanır. Kollegiya hesab edir ki, indiki halda iddiaçının adına aktiv elektron kabinet mövcud olduğundan, məhkəmə aktı ona məxsus elektron kabinetə yerləşdirildiyindən, məhkəmə aktının eyni zamanda poçt vasitəsilə göndərilməsi zərurəti və qanuni əsası mövcud olmamışdır. Nəticə etibarilə hazırki iş üzrə prosessual qanunvericiliyin tələbinə əsasən qanunla müəyyən edilmiş prosessual müddətin axımı məhz məhkəmə aktının iddiaçıya məxsus elektron kabinetə yerləşdirildiyi tarixdən (##.##.2026-ci il tarixdən) hesablanır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının “məhkəmə aktının poçt vasitəsilə göndərilməməsi” hissəsində istinad etdiyi arqumenti əsassız olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, konstitusion normanın tələbinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmənin əsasını təşkil etmir (bu hal qanunauyğun davranmanın əsasını təşkil edə bilməz, qanunvericilikdə buna dair hər hansı xüsusi istisna norma müəyyən edilməmişdir). Başqa sözlə desək, şəxsin qanunauyğun davranmamasının nəticələrinə görə özü məsuliyyə daşıyır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının “elektron məhkəmə sistemi barədə anlayışının olmaması” hissəsində istinad etdiyi arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus email poçt ünvanına göndərilmiş email məktubun məzmununa baxış keçirildi, baxış zamanı həmin email məktubun hazırki işə aid olmadığı, başqa məhkəmə işi ilə bağlı ünvanlanmış məlumat olduğu (başqa işə aid işin nömrəsi əks olunmuş, hazırki işə aid hər hansı məlumatı zöündə ehtiva etməmişdir) müəyyən edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halı əsasında iddiaçının istinad etdiyi “məhkəmə qərarı barədə ##.##.2026-cı il tarixdə email poçt ünvanına göndərilmiş məktub əsasında məlumatlı olması, müddətin həmin tarixdən hesbalanmalı olması” ilə bağlı arqumenti təkzib edildiyindən, bu hissədə də arqumenti əsassız olmuşdur. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçının onun iradəsinin ziddinə olaraq (təqsiri olmadan, obyektiv səbəblərdən) qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanını məhdudlaşdıran halın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətin əsası kimi istinad etdiyi hallar əsassız olmaqla, qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilməsinə dəlalət etmir. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün qanuna müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması və müddətin bərpa olunması üçün əsaslar müəyyən edildiyindən, iddiaçı tərəfindən verilmiş vəsatət əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, kollegiya qeyd edir ki, indiki halda iş üzrə yekun məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, habelə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilmədiyindən, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə məhkəmə qərarından iddiaçı tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair” ərizə təmin edilməməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22, 24 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına” dair ərizə təmin edilməsin. Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(3-8)-970/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-8)-970/2026
07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver