Məhkəmə qərarları › İş №e-2-1(3-9)-382/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-9)-382/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № e-2-1(3-9)-382/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil İlham oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı “Saatlı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ## ##### 1990-cı il tarixli **/** saylı qərarı ilə ayrılmış 0.34 ha torpaq səhəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Saatlı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ## ##### 1990-cı il tarixli **/** saylı qərarından görünür ki, İddiaçı Saatlı rayonu, Azərbaycan Xiyabanı ərazisindən, şimaldan Saatlı Avtonəqliyyat müəssisəsi, şərqdən və cənubdan fərdi yaşayış evləri, qərbdən isə Azərbaycan Xiyabanı ilə əhatə olunmuş boş və istifadısiz ərazidən 100 x 34 m. ölçüdə, 3400 /üç min dörd yüz/ kv.metr torpaq sahəsi sahibkarlıq məqsədi ilə ayrılmış və tikintiyə icazə verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Tərəfinizdən Saatı Rayon XDS İcraiyyə Komitəsinin ## ##### 1990-cı il tarixli **/** nömrəli qərarından çıxarışı təqdim etməyinizə baxmayaraq, qərardan çıxarışın Azərbaycan Respublikası Dövlət Arxivinin Saatlı filialının arxiv arayışı və torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Odur ki, torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə təqdim ediləcəyi təqdirdə müraciətinizin icrasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Saatlı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ## ##### 1990-cı il tarixli **/** saylı qərarı ilə ayrılmış 0.34 ha torpaq səhəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ## ##### 1990-cı il tarixli **/** saylı qərarı ilə üzərində tikinti işlətmək səlahiyyəti ilə ona 0.34 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi artıq 33 ildir ki, qanuni sahibliyində və istifadəsindədir. Torpaq sahəsindən uzun illərdir ki, maneəsiz istifadə edir. Torpaq sahəsinin üzərindən, altından və ya yaxınlığından hər hansı kommunikasiya xətləri (neft, qaz, işıq, su xəttləri və s.) keçmir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsədə, məsələ müsbət həll edilməmişdir. Halbuki, AR Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.3 və 1.4-cü bəndləri torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsasdır. Cavabdehin etirazları: Cavabdehin iddiaya dair münasibəti məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qərarı (hakim Rəşad Nuriyev) ilə iddia təmin edilmiş, Saatlı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ## ##### 1990-cı il tarixli **/** saylı qərarı ilə ayrılmış 0.34 ha torpaq səhəsi üzərində iddiaçı İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iş üzrə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili ilə imtinanın dəlili eynidir. Apellyasiya şikayətinə etirazlar: Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının vəkili və nümayəndəsi iddiaya uyğun izahata verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbayac SSRİ Torpaq Məcəlləsi (torpaq ayrılan vaxt qüvvədə olan): Maddə 4. Torpaq üzərində dövlət mülkiyyəti SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq torpaq dövlət mülkiyyətidir, yəni ümumxalq malıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas var. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qəbul etdiyi məhkəmə aktı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Saatlı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ## ##### 1990-cı il tarixli **/** saylı qərarından görünür ki, İddiaçı Saatlı rayonu, Azərbaycan Xiyabanı ərazisindən, şimaldan Saatlı Avtonəqliyyat müəssisəsi, şərqdən və cənubdan fərdi yaşayış evləri, qərbdən isə Azərbaycan Xiyabanı ilə əhatə olunmuş boş və istifadısiz ərazidən 100 x 34 m. ölçüdə, 3400 /üç min dörd yüz/ kv.metr torpaq sahəsi sahibkarlıq məqsədi ilə ayrılmış və tikintiyə icazə verilmişdir. Torpaq ayrılan vaxt qüvvədə olan Azərbayac SSRİ Torpaq Məcəlləsinin 4-cü maddəsində göstərilirdi ki, SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq torpaq dövlət mülkiyyətidir, yəni ümumxalq malıdır. Qanunvericiliyə görə bütün torpaq sahələri üzərində mülkiyyət hüququ kimi yalnız dövlət mülkiyyət hüququ tanınırdı. Torpaq sahələri istifadəyə verilə bilərdi. Xüsusi mülkiyyətdən söhbət gedə bilməzdi. İddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə münasibətdə olan məsələləri tənzimləyir. İddiaçıya isə torpaq sahəsi sahibkarlıq məqsədi ilə ayrılmışdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləməmişdir. İPM-in 110.1-ci maddəsinə əsasən posessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı “Saatlı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ## ##### 1990-cı il tarixli **/** saylı qərarı ilə ayrılmış 0.34 ha torpaq səhəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar