Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(4-10)-161/2026 11.03.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə, İddiaçı cavabdehlər “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə qarşı “təkrar şəhadətləndirilmə” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının təkrar şəhadətləndirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq xx.xx.2026-cı il tarixli hüquqi yardım məktubu göndərilərək izah olunmuşdur ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinənin nəticəsi olaraq şəxsin hərbi xidmətə yararlı hesab edilməsinə dair qərar qəbul edildikdə, lakin hələ ki, Xidmətin yerli bölməsi tərəfindən şəxsin hərbi xidmətə çağırılmasına dair qərar çıxarılmadıqda iddia üzrə cavabdeh - Agentlik, üçüncü şəxs isə Xidmətin yerli bölməsi olmalıdır. Habelə Agentlik tərəfindən yekun tibbi müayinənin nəticəsi olaraq şəxsin hərbi xidmətə yararlı hesab edilməsinə dair qərar qəbul edildikdə, eləcə də, Xidmətin yerli bölməsi tərəfindən şəxsin hərbi xidmətə çağırılmasına dair qərar çıxarıldıqda isə iddia üzrə cavabdehlər - Agentlik və Xidmətin yerli bölməsi olmalıdır. Göstərilənlərə əsasən işin hallarına uyğun olaraq dəqiqləşdirilmiş iddia ərizənizin təqdim edilməsi təklif olunmuşdur. İddiaçı məktuba münasibət olaraq iddia tələbinə dəqiqləşmə təqdim edərək, iddiaçının təkrar şəhadətləndirilməsi vəzifəsinin cavabdehlər “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə qarşı həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 11 mart 2026-ci il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir. Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “İddiaçı xx.xx.1998-ci ildə Şəki rayonunda anadan olmuşdur. İddiaçı anadangəlmə tənginəfəslik və burun tutulması astma xəstəsidir. Daim həkim nəzarətində olmaqla inqlasiya aparatından istifadə edir və ambulator müalicədədir. 2014-cü ildən isə vərəm xəstəsidir. Ona görə də, hərbi çağırışdan dinc dövrdə azad olunmuşdur. Cavabdehin hərbi tibb müəsissəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2008-ci il 14 mart tarixli, 123 saylıƏmri ilə qüvvəyə minmiş Təlimatın 69,77,189-cu bəndlərinə 6 saylı qoşma əsasında, iddiaçının Sağlamlıq vəziyyətimin müayinə edilməsi barədə Azərbaycan Respublikası Elmi X3 İnstitutunun 11 iyul 2025-ci il tarixli, 72560 saylı Aktına əsasən, obyektiv müayinənin məlumatlarına, xüsusi müayinələrin (lobarator, rentgenoloji,instrumental və s.), fitiziatr müayinəsi qoyulmuş diaqnoza, ağ ciyərlərin sipiroqrammasına, Fluqrafiyasına əsasən, ağ ciyərlərdə vezikulyar tənəffüs eşidilməsi, keçirilmiş sol ağ ciyərin vərəmindən sonrakı boyük qalıq əlaməti-fibroz və çoxsaylı ocaqlar şəklində, XBT B90.9, ventlyasiyası pozğunluğu qeyd olunmur, Sol S6.10 da fibroz, çoxsaylı bərk ocaqlar görünür. Bizim ailəmiz ağır maddi vəziyyətdədir. İddiaçının anadangəlmə səhhətində çoxlu problemləri yaranmışdır. Ailəlidir 1 körpə uşağı vardır. Lakin cavabdeh qanunsuz olaraq dinc dövrdə hərbi xidmətə çağırmışdır. Keçirdiyi stress nəticəsində hələ də təcili yardının köməyindən istifadə edir. Güman edirdi ki, cavabdeh bu səhvin düzəldilməsində köməklik göstərəcəkdir. Belə ki, həmin qərarın düzgün verilməsi iddiaçıya təkrar müayinədən keçməklə düzgün şəhadətləndirilməsi və müalicəsinin davam etdirilməsi məqsədilə və sairə zəruri sənədlərin alınması üçün lazım olmuşdur. Lakin cavabdeh tərəfindən bunun edilməməsi nəticəsində iddiaçıya ümumi xəstəlik üzrə İİİ dərəcəli əlillik təyin edilməmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının hərbi vəzifələri icra etmək üçün hərbiyə çağırılmağının sonrakı ağır nəticələrini dərk etməyərək xəstəliyini gizlədərək vəzifə saxtakarlığı etmişlər. Ona görə də həmin vəzifəli şəxslər barədə tədbir görülməsini və iddiaçının həmin xəstəliyi barədə əsl sənədlər təqdim edilməsi üçün cavabdehə məhkəmə tərəfindən rəsmən müraciət olunmalıdır. “Xəstəliklər cədvəli"nin və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, iddiaçı “Hərbi xidmətə yararsızdır və bunu təsdiq etmək üçün təkrar şəhadətləndirilməlidir və tibbi rəy verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş 'Hərbihəkim ekspertizası haqqında Əsasnamə"yə əsasən bu barədə “Qərar" verilməli idi. Cavabdeh iddiaçını müvafiq sənədlərlə təkrarı şəhadətlənmə üçün müvafiq müalicə müəssisəsinə göndərməli idi. Beləliklə, cavabdeh təşkilatın hərəkətsizliyi nəticəsində qanunu pozaraq onu müvafiq sənədlərlə təkrarı şəhadətlənmə üçün müvafiq müalicə müəssisəsinə göndərilməli olduğu halda bunu etməmiş, iddiaçını faktiki xəstə-xəstə xidmət etməyə məcbur çağıraraq son nəticədə xəstəliyinin şiddətlənərək ağırlaşmasına səbəb olmuşdur. Bununla belə, iddiaçıya əlillik təyin edilməmişdir. Halbuki iddiaçı cavabdehin təqsiri üzündən hüquqları pozulmuşdur. Cavabdehə müraciət edərək təkrar şəhadətləndirilməyini və hərbi xidmətə yararsız olmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya faktiki imtina edilmişdir. Cavabdeh təşkilat qərarını əsaslandırmayıb. Belə hesab edir ki, cavabdeh təşkilatın imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də iddiaçının təkrar şəhadətləndirilməyi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. İnsan hüquqlarının və X5 X2 dair Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə- insan hüquqlarına hörmət olunması dövlət tərəfindən təmin edilir-əsasən, hər bir fiziki və hüquqi şəxsin hüquqlarının qorunmasına dövlət tərəfindən təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Dəfələrlə orqanlara müraciət etsəm də, müraciətimə baxılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdehin imtinası əsassızdır.”. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, “İddiaçı barəsində B90.9 XBT kodu, “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “C” bəndinin 1-ci qrafasının 2-ci maddəsi üzrə “C” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün xx.xx.2025-ci il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Çağırışçının statusu həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin MHHK rəyində qeyd edilmiş diaqnozdan Agentliyin rəyində “Fərqli kateqoriya üzrə təsdiqlənir.” barədə qərar qəbul edilmişdir. DTSERA tərəfindən çağırışçının səhhətinə barəsində A-3 kateqoriyası uyğun olduğu barədə rəy verilərək, fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir” Aşağıdakı sənəd məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2008-ci il 14 mart tarixli, 123 saylı Əmri ilə qüvvəyə minmiş Təlimatın 69,77,189-cu bəndlərinə 6 saylı qoşma əsasında, mənim Sağlamlıq vəziyyətimin müayinə edilməsi barədə Azərbaycan Respublikası X1 İnstitutunun 11 iyul 2025-ci il tarixli, 72560 saylı Aktı. • İddiaçıya məxsus SX ******* seriya nömrəli hərbi biletin surəti. • Tibbi müayinələr haqqında məlumatların surəti. Tətbiq edilən hüquq “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 2023-cü il tarixli 2317 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:
1. 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.17. Hərbi həkim komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə verilmiş rəylər nəzarət qaydasında baxılması üçün VEİS üzərindən Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin rəylərin tibbi, texniki tələblərə və qanunvericiliyə uyğunluğu elektron formada yoxlanılır. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyasının qəbul etdiyi rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqlənmədikdə və “B”, “C”, “Ç” və “D” kateqoriyalarından birinə dəyişdirilmədikdə “A” kateqoriyası üzrə rəy tərtib olunur və şəhadətləndirmə üzrə yekun qərarın verilməsi məqsədilə VEİS üzərindən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair VEİS-də elektron sənəd formasında formalaşdırılan müvafiq rəy komissiya üzvlərinin elektron imzası ilə təsdiq edilir və yekun tibbi müayinənin aparılması məqsədilə zəruri məlumatlarla birlikdə altsistemə ötürülür. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin İİ-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. 2.20. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qəbul etdiyi qərar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir. İİ-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEİS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri MEİS inteqrasiya edilir. VEİS-nin, həmçinin qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin MEİS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq X4 Sistemi vasitəsilə həyata keçirilir. 2-1.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin aparılması üçün tibbi müayinənin nəticələrinə dair sənədləri onların rəsmiləşdirildiyi gün altsistemə daxil edir. Agentlik çağırışçının yekun tibbi müayinəsini altsistemə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEİS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. 2-1.5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçını bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada Agentliyə hansı vaxtda (ünvan, tarix və saat qeyd edilir) yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumatlandırır. 2-1.6. Çağırışçıların Agentlikdə yekun tibbi müayinədə iştirakı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir. 2-1.7. Çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu Əsasnamənin 2-1.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. 2-1.8. Çağırışçı Agentlikdə yekun tibbi müayinə zamanı avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. 2-1.9. Agentlikdə yekun tibbi müayinənin həyata keçirildiyi otaqlarda video və səs qeydlərinin aparılması təmin olunur, aparılan tibbi müayinələrə və çağırışçının yerində baxış proseslərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Agentliyin məsul vəzifəli şəxsləri tərəfindən mütəmadi olaraq baxış keçirilir, video və səs qeydlərinin aparılmasının monitorinqi həyata keçirilir. 2-1.10. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, Agentlikdə müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün göndəriş verilir. Agentlikdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır və müayinəyə dair məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən altsistemə ötürülür, həmçinin çağırışçıya təqdim edilir. 2-1.11. Yekun tibbi müayinənin aparıldığı müddətdə çağırışçıların daimi iş yerində orta əməkhaqları saxlanılmaqla, işdən (təhsildən) azad edilmələri ilə əlaqədar Agentlik tərəfindən çağırışçının işlədiyi və ya təhsil aldığı müəssisəyə bildiriş göndərilir. 2-1.12. Tibbi müayinələrin nəticəsində çağırışçıda bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Bu halda bu Əsasnamənin 2-1.8-ci bəndində nəzərdə tutulmuş prosedur tətbiq edilir. 2-1.13. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair MEİS-də elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək altsistemə daxil edir, həmçinin vətəndaşa təqdim edir. 2-1.14. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi qiymətləndirmə komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Agentlik tərəfindən bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən, MEİS-də elektron sənəd formasında formalaşdırılan və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunan müvafiq qərar və yekun tibbi müayinəyə dair digər sənədlər üzrə məlumatlar rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün onların rəsmiləşdirildiyi gün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Əsaslandırma hissə:
İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı barəsində B90.9 XBT kodu, “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “C” bəndinin 1-ci qrafasının 2-ci maddəsi üzrə “C” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmış, bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün xx.xx.2025-ci il tarixində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış analizlər əsasında fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Çağırışçının statusu həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin MHHK rəyində qeyd edilmiş diaqnozdan Agentliyin rəyində “Fərqli kateqoriya üzrə təsdiqlənir.” barədə qərar qəbul edilmişdir. DTSERA tərəfindən çağırışçının səhhətinə barəsində A-3 kateqoriyası uyğun olduğu barədə rəy verilərək, fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, müddətli həqiqi hərbi xidmətə çağırılma barədə qərar qəbul edən və hərbi xidmətə aparılma ilə bağlı faktiki icranı həyata keçirən qurum Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələridir. Digər tərəfdən SHXÇÜDX-nin yerli struktur bölməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) verdiyi yekun tibbi müayinəyə dair qərar əsasında icra mexanizmini həyata keçirən orqandır. Yəni, SHXÇÜDX-nin yerli struktur bölməsi hərbi xidmətə aparılma ilə bağlı faktiki hərəkətləri icra etsə də, həmin hərəkətlərin hüquqi əsası məhz Agentliyin qəbul etdiyi yekun tibbi müayinə qərarıdır. Baxılan işdə iddiaçının hərbi xidmətə yararlı olması ilə bağlı yekun akt Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilsədə iddiaçı həmin aktı mübahisələndirməmişdir. Nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı marağın, onların hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. hazırkı halda ərizəçinin nail olmaq istədiyi yekun hüquqi nəticə - hərbi xidmətə aparılmasının qarşısının alınmasıdır. Lakin bu nəticəyə icraedici hərəkətlərin deyil, həmin hərəkətlərin hüquqi əsasını təşkil edən inzibati aktın – Agentliyin yekun tibbi müayinə qərarının mübahisələndirilməsi ilə nail olmaq mümkündür. Bunun üçün ərizəçi əsas iddiada SHXÇÜDX-nin yerli şöbəsinin qəbul etdiyi qərarı yox, həmin qərarın qəbul edilməsinə əsas olmuş - Agentliyin yekun tibbi müayinəyə dair qərarını mübahisələndirməlidir. Lakin iddiaçının hazırkı tələbi onun nail olmaq istədiyi yekun hüquqi nəticəyə çatmasına imkan vermədiyindən iddia mümkün sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
İddiaçı cavabdehlər “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə qarşı “iddiaçının təkrar şəhadətləndirilməsi öhdəliyinnin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev