Məhkəmə qərarları › İş №e-2-1(4-8)-400/2026

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(4-8)-400/2026

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-1(4-8)-400/2026 25.02.2026 SUMQAYIT İNZIBATI MƏHKƏMƏSI Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “X5 əlilliyinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 əlilliyinin ləğv edilməsi barədə inzibati icraatı yeniləyərək, qanuni qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (keçmiş HƏEK-si) Sumqayıt şəhər * saylı şöbəsi tərəfindən iddiaçı Sumqayıt Polad Konstruksiya X4 Cəmiyyətində işləmiş vətəndaş X5 2002-ci il tarixdə kəllə-beyn travması ilə bağlı 3-cü dərcə əlillik(ömürlük) təyin edilmişdir. Ə.Babayev 1980-1983-cü illərdə iddiaçı Sumqayıt Polad Konstruksiya X4 Cəmiyyətində işləmiş, daha sonra isə öz xahişi ilə işdən azad olmuşdur. Ə.Babayev 2022-ci il tarixdə cəmiyyətə müraciət edərək işdə xəsarət aldığını və 3cü qrup əlillik təyin edildiyini və bu səbəbdən də ona cəmiyyət tərəfindən əlavə aylıq ödəniş olunması tələbini qoymuşdur. İddiaçı Sumqayıt Polad Konstruksiya X4 Cəmiyyəti tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Ə.Babayevə təyin edilmiş əlillik qanunsuzdur. Sumqayıt Tibb Mərkəzi X2 Xəstəxanasının sorğuya cavabında qeyd edlir ki, Ə.Babayev ##.##.1996-ci il tarixdən bu günki tarixə kimi xəstəxanaya müraciət etməmişdir. Sumqayıt şəhər * nömrəli Xəstəxana sorğuya cavabında qeyd edir ki, Ə.Babayev 1987-1995-ci illər daxil olmaqla * nömrəli şəhər xəstəxanasına (köhnə Bərpa müalicə xəstəxanası) müraciət etməmişdir. * nömrəli Sumqayıt şəhər Xəstəxanasına 2016-ci ildən hal-hazıradək müraciət etməmişdir. * nömrəli Sumqayıt şəhər Xəstəxanasının poliklinika şöbəsində ##.##.2014-cü il tarixdən endokrinoloji kabinetdə dispanser qeydiyyatındadır. Ə.Babayevin qeydiyyatda olduğu * nömrəli poliklinikanın baş həkiminin verdiyi arayışdan da görünür ki, Ə.Babayevin əlilliyindən xəbərsiz olmuşdurlar və həmçinin onun xəstəlik kartasında da kəllə-beyin travması ilə bağlı heç bir xəstəlik mövcud deyildir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filalı ##.##.2023-cü il tarixli arayışda qeyd edir ki, Ə.Babayevin pensiya ödənişinə dair sənədlərinin arasında əmək zədəsini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Sumqayıt * nömrəli şəhər xəstəxanasının ##.##.2024-cü il tarixli arayışında qeyd edilir ki, Ə.Babayev ##.##.2019cu il tarixdə endokrinologiya şöbəsinə daxil olub. Dz: Şəkərli diabet 2 tib orta agır forma. Hipertoniya xəstəliyi-1 ci mərhələ. Müayinə və müalicə olunub. ##.##.2019-cü il tarixdə evə yazılıb. Xəstə xəstəxanada müalicə aldığı dövrdə nevropotoloqun müayinəsi zamanı nə nevroloji nə də ki kəlləbeyin travması ilə bağlı heç bir şikayəti olmamış, həmçinin həkimnevropotoloqun müayinəsi zamanı da qeyd olunan xəstəlik aşkar edilməmişdir. Əlillik haqqında qanunun tələblərinə əsasən əlillik dərəcəsi poliklinikanın xəstəyə təqdim etdiyi forma 88 (yeni xəstənin müayinəsi və xəstəliyini təstiq edən sənəd) əsasında təyin edilirdi. Ə.Babayevin qeydiyyatda olduğu * nömrəli poliklinika qeyd edir ki, onlar xəstəyə əlilliyi ilə bağlı heç bir sənəd təqdim etməmişlər və xəstənin əlilliyi barədə məlumatsızdırlar. Belə olan halda 2002-ci ildə VİTEK hansı əsasla, forma 88 olmadan Ə.Babayevə 3-cü dərəcə əlillik təyin etmişdir? Bu da o dəməkdir ki, Ə.Babayevin kəllə-beyin travmasi ilə bağlı heç bir xəstəliyi movcud deyildir. Bu araşdırma ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək araşdırılma aparılmasını xahiş etdim. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən araşdırılma aparılmış və ##.##.2023-cü il tarixdə, Ə.Babayevin əlilliyi qanunsuz təyin olunduğundan ləğv edilmişdir. Ə.Babayev ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edərək inzibati icraat qaydası pozulması tələbi ilə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə əlilliyi mübahisələndirməmiş, sadəcə inzibati icraatın düzgün aparılmaması ilə bağlı həmin qərarı ləğv etmişdir. Baxmayaraq ki, Kassasiya məhkəməsi qərarında qeyd edir ki, agentlik o vaxt haqlı olardı ki, İnzibati İcraat qaydasına düzgün əməl etmiş olsun. Buna baxmayaraq agentlik tərəfindən İnzibatı İcraatı yenilənmir. Bu da o deməkdir ki, Ə.Babayev dövlətdən qanunsuz pul almaqda davam edir. Cəmiyyət maraqlı tərəf kimi (çünki həmin əlillik barədə Ə.Babayev onlardan ödəniş tələb edir və məhkəmə qərarı ilə ona ödəmə həyata keçirilir) ##.##.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, Ə. Babayevin əlilliyinin ləğv edilməsi barədə inzibati icraatı təzələməyi və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin müraciətə qanunda göstərilən 35 gün ərzində cavab verilmədiyi üçün iddiaçlı bunu imtina kimi qəbul edərək,məhkəməyə müraciət edir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair ## ##### 2015-ci il, * nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir (16.5-ci bənd). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6-cı bənd). Belə ki, iddianın mümkün sayılması üçün əsas şərtlərdən biri iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun qanunvericilikdən irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 cavabdeh cavabdeh Cavabdeh qarşı “müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək X5 əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında ##.##.2023-cü il tarixli qərar ləğv edilmiş və ##.##.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Eyni zamanda hazırkı iş üzrə iddiaçı qismində çıxış edən “xxxx” ASC həmin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC X5 təyin edilmiş əlilliyin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia mümkün sayılmadığından iş üzrə inzibati məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələyə baxılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar