Məhkəmə qərarları › İş №e-2-1(4-9)-528/2026

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(4-9)-528/2026

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(4-9)-528/2026 27.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Açar sözlər (ərazi aidiyyəti) Giriş hissə: Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təsviri hissə: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra məhkəmə iclası təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. X1 Məcəllənin 13-cü maddəsinə əsasən aidiyyət məsələsi ilə bağlı iddiaçıya hüquqi yardım ünvanlanmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, işin məhkəmə araşdırılması zamanı məlum olur ki, hazırkı mübahisə cavabdehin xx.xx.2025-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna Ödənilməmiş 1440,37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 25000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qrum) tərəfindən satılması ilə əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Qanunun: 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 83.1-ci maddəsinə əsasən, şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1 və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı” 4 dekabr 2024-cü il tarixli İcmalında İPM-in 8.12-ci maddəsinə münasibətdə göstərilmişdir ki, “...Qeyd edilən norma vergi ödəyicilərinin vergi orqanlarına qarşı qaldırdıqları mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların ərazi aidiyyətini müəyyən edir. Bu qəbildən olan iddialara vergilərin hesablanması ilə bağlı inzibati aktların mübahisələndirilməsi, riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğv edilməsi və ya riskli vergi ödəyiciləri siyahısından çıxarılma, artıq ödənilmiş vergilərin qaytarılmasına dair və s. tələbləri aid etmək olar. Normanın birinci cümləsi mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların, bir qayda olaraq, cavabdehin yerləşdiyi yerin məhkəməsinə verilməli olduğunu təsbit edir. Normanın ikinci cümləsi isə həmin qaydadan istisnanı müəyyən edərək inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən orqan olduğu hallarda, hər üç növ iddianın hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğunu müəyyən edir. Bu kontekstdə vergi mübahisələri üzrə vergi ödəyicisinə münasibətdə “yaşayış yeri və ya olduğu yer”in anlayışına aydınlıq gətirilməsinə ehtiyac yaranır. Bunun müəyyənləşdirilməsi üçün isə vergi qanunvericiliyinin müvafiq normalarına müraciət edilməlidir. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin, o cümlədən, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının müddəalarının ümumi təhlili onu göstərir ki, vergi ödəyiciləri olduqları yer, təsərrüfat subyektlərinin olduqları yer və ya iqtisadi maraqlar mərkəzinin yerləşdiyi yer baxımından uçota alına bilirlər. Başqa sözlə, vergi ödəyicisinin uçotunun aparılmasında rəhbər tutulan meyar kimi əsasən onun sahibkarlıq fəaliyyətinin daha çox bağlı olduğu yer çıxış edir. Vergi qanunvericiliyinin məqsədləri baxımından vergi ödəyicilərinin vergi uçotuna alındıqları ünvanın həlledici olduğu nəzərə alınmaqla, ərazi aidiyyətinin həlli məsələsində də İPM-in 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “şəxsin yaşayış yeri və ya olduğu yer” ifadəsi vergi ödəyicisinin vergi uçotuna alındığı yer anlamında təfsir olunmalıdır. Odur ki, vergi mübahisələri ilə bağlı cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdikdə, belə iddialara vergi ödəyicisinin iddia verilən anda vergi uçotuna alındığı yerin, yəni uçotda olduğu vergi orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. İş materiallarında olan məlumatdan görünür ki, iddiaçı vergi orqanının ünvanı da Bakı şəhəridir. Həmçinin cavabdeh vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, vergi uçotu orqanının ünvanı Bakı şəhəri, Binəqədi rayonudur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə aidiyyətininin vacibliyini qeyd edərək hesab etmişdir ki, bu institut şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşılmasını ciddi səhv kimi qiymətləndirir və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının ləğv edilməsinə əsas kimi tanıyır (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel, Pşeniçnıy Rusiyaya qarşı iş üzrə 2008ci il 14 fevral və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar) Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 2, 8-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar