Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(4-9)-778/2026 26.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsinin hakimi Nəcəfov Hilal Nəcəfalı oğlu iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “xx.xx.2012-ci il və digər tarixləri olan Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının notariat qaydada bağışlama müqaviləsinin qanunsuz sayılaraq ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirib, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “xx.xx.2012-ci il və digər tarixləri olan Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının notariat qaydada bağışlama müqaviləsinin qanunsuz sayılaraq ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1992-ci il tarixində “Dostluq” çayxanasına rəsmi işə girmiş, “Dostluq” çayxanasını texniki pasportu isə 1997-ci ildə tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə bağladığı xx.xx.1998-ci il tarixli 9364 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” əsasında ünvan 1 ünvanında yerləşən, 87.33 kv.metr ümumi sahəsi olan “Dostluq” çayxanasını dövlət xətti ilə özəlləşdirmiş, 2006-cı il tarixdə (Rəhimova) İddiaçı2 qız ilə ailə quraraq evlənmiş, birgə nikahlarından üç övladı vardır. 1999-2005-ci illərdə və 2010-2020-ci il tarixlərində məhkumluq həyatı yaşamış, lakin barəsində gedən məhkəmə istintaqı dövründə 2010-2012-ci illərə qədər Bakı İstintaq Təcridxanasında saxlanılmış, 2020-ci il tarixində azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra, yəni 2024-cü il tarixində bilmişdir ki, məlumatı olmadan və heç bir etibarnamə vermədiyi halda Bakı İstintaq Təcridxanasında saxlanıldığı zaman adından qeyri-qanuni etibarnamə hazırlanaraq Lənkəran Notariat Ofisinə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2012-ci il və digər tarixləri olan Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının notariat qaydada bağışlama müqaviləsinin qanunsuz sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr (rayon və ya şəhər) tərəfindən baxılır. Göründüyü kimi notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə mülki icraat qaydasında ümumi məhkəmədə baxılır. Hazırkı inzibati məhkəmə icraatında iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2012-ci il və digər tarixləri olan Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində yerləşən qeyriyaşayış binasının notariat qaydada bağışlama müqaviləsinin qanunsuz sayılaraq ləğv edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddia ərizəsi tərəflər arasında müqavilədən doğan öhdəlikdir, yuxarıda qeyd edilənlərə əsasən inzibati xarakterli deyil və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir, iddiaçıların adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlər üzrə yekun nəticənin dəyişilməyəcəyini və iş üzrə tərəfin hüquqi marağı nəzərə alınaraq müəyyən hərəkətlər etməsinin tezləşdirilməsini nəzərə alaraq məhkəmə iddiaçıya ayrıca hüquqi yardım göstərilməsi və iclas təyin edərək dinlənilmə hüququnun təmin edilməsinə zərurətin olmadığı qənaətinə gəlir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “xx.xx.2012-ci il və digər tarixləri olan Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının notariat qaydada bağışlama müqaviləsinin qanunsuz sayılaraq ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(4-9)-778/2026
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(4-9)-778/2026
26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver