Məhkəmə qərarları › İş №e-2-2(113)-1224/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1224/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1224/2022 29.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10.12.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 7700 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 7700 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 10.12.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 10.12.2021-ci il tarixə yaranan borcuna görə 7700 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 28.12.2021-ci il tarixli, **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafıə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 10.12.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 7700 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. İddia tələbində qeyd olunan borc məbləği mövcuddur. Borc məbləğinin ödənilməsi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyekti satışa çıxarmışdır. Satıldığı zaman borcu ödəyəcəkdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının satılmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş borcunun ödənilməsinə dair bildiriş göndərilərək, yaranmış borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 10.12.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Cavabdeh məxsus əmlakları siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında 28.12.2021-ci il tarixli, **********4 nömrəli protokol və əmlakın məsul saxlanca verilməsi haqqında akt tərtib edilmişdir. İddiaçı tərəfindən Cavabdeh vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 10.12.2021-ci il tarixli qərara əsasən 7700 manat dəyərində olan əmlak siyahıya alınmışdır, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində borclar tam ödənilmədikdə, siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, müəyyən edildi ki, vergi ödəyicisi olan Cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş borcunun ödənilməsini təmin etməmişdir. Göstərilən səbəbdən də Cavabdeh 10.12.2021-ci il tarixə yaranan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 7700 manat dəyərində əmlakı siyahıya alınmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş borcunun ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmişdir. Mübahisəli əmlakların siyahıya alınması haqqında tərtib edilmiş protokol və aktın imzalanmasından cavabdeh tərəfindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin yaranmış borcları tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində dövlət büdcəsinə ödənilməmiş borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş borcunun onun əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda qanunvericiliyə edilən, yuxarıda qeyd olunan dəyişikliyi nəzərə alaraq, iddia tələbi siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində yox, satılması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə qiymətləndirilməyən iddia ərizələri üzrə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10.12.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 7700 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 7700 manat məbləğində siyahıya alınmış əmlakı satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən həmin borc və 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ "xxxx" Mənzil Tikinti Kooperativinə qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.12.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 7700 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 7700 manat məbləğində siyahıya alınmış əmlakı satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc və 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar