Məhkəmə qərarları › İş №e-2-2(113)-1356/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1356/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1356/2021 16.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı icarə haqqı üzrə borcunun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.085 manat məbləğində icarə haqqı üzrə borcunun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq xidmətin hüquqlarına aid edilmişdir. Bildirirlər ki, Biləsuvar rayon İcra Hakimiyyəti başçısı ilə Cavabdeh (VÖEN: **********) arasında 30.05.2014-cü il tarixdən 30.05.2034-cü ilə qədər bağlanmış 30.05.2014-cü il tarixli torpaq icarəsi müqaviləsinə əsasən bir illik icarə haqqı 540 manat təşkil etməklə 45 hektar dövlət ehtiyat fondundan torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə 16.12.2020-ci il tarixə torpaq icarə haqqı üzrə 2085 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunması barədə cavabdehə 22.10.2020-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirlər ki, 2085 manat məbləğində icarə haqqı üzrə borcun dövlət büdcəsinə ödənilməsi təmin olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi 2014-cü ildə ona təhvil verilsə də, həmin torpaq sahəsinə icarə hüququnu təsdiq edən çıxarışı yalnız 2019-cu ildə almamışdır. İcarə müqaviləsində isə həmin müqavilənin icarə hüququna dair şəhadətnamənin verildiyi vaxtdan qüvvəyə minməsi göstərilmişdir. Bundan əlavə çıxarışı almadığından 2019-cu ilə qədər əkinçiliklə məşğul olmaq üçün subsidiyalardan istifadə edə bilməmişdir. Buna görə də hesab edir ki, 2019-cu ilədək yaranmış icarə haqqını ödəməli deyil. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyətinin 30 may 2014-cü il tarixli 163 saylı sərəncamı ilə Cavabdeh əkinçilik məqsədi ilə X1 45 ha torpaq sahəsi uzunmüddətli istifadə etmək məqsədi ilə 20 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. - Biləsuvar Rayon İcra Hakimiyyəti (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 30 may 2014-cü il tarixli 38 saylı müqaviləyə əsasən 45 ha torpaq sahəsi əkinçilik məqsədi ilə icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən müqavilə iyirmi il müddətinə bağlanır. 2.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən icarə haqqı 01 aprel 2014-cü il tarixdən hesablanır. 2.4-cü bəndinə əsasən icarəçi hər il 540 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürür. 2.8-ci bəndinə əsasən icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilir. 5.1-ci bəndinə görə bu müqavilə açıqlana bilməz və icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadəıtnamə alındıqdan sonra qüvvəyə minir. -22.10.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh vergi ödəyicisinin dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, torpaq icarə haqqı üzrə borcunu 7 gün müddətində ödənilməsi təmin edilməyəcəyi təqdirdə, icarə haqqının məcburi qaydada tutulması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. - Cavabdeh (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Cavabdeh 09.12.2020-ci il tarixə cəmi ödənilməli olan vergi borcu 2.085 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisəsiz hallarından görünür ki, Biləsuvar Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 30 may 2014cü il tarixli 38 saylı müqaviləyə əsasən Biləsuvar rayonu ərazisində 45 ha torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Cavabdeh həmin müqaviləyə ilə üzərinə götürdüyü icarə haqqını ödəmək öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə dövlət büdcəsinə 2.085 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarına və normativ hüquqi aktların məzmununa əsasən müəyyən edilir ki, hazırkı iş üzrə icarə obyekti olan dövlət mülkiyyətində olan torpaq sahəsi əkinçilik məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan Ş.Babayevin icarəsinə verildiyindən və həmin torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlər yerləşmədiyindən Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi dövlət mənafeyinin müdafiəsi üçün hazırkı iddianı məhkəmədə qaldırmaq hüququna malikdir. Cavabdeh iddiaya etirazına əsas kimi istinad etdiyi torpaq sahəsinə icarə hüququnu təsdiq edən çıxarışı 2019-cu ildə aldığından 2019-cu ilədək hesablanmış icarə haqqını ödəməli olmaması barədə dəlilinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən həmin müqavilə üzrə icarə haqqının 01 aprel 2014-cü il tarixdən hesablanması nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 399.2-ci maddəsinə görə tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Göründüyü kimi tərəflər hazırkı müqavilədə icarə haqqının 01 aprel 2014-cü il tarixdən hesablanması, yəni müqavilə şərtlərinin müqavilənin bağlanmasından əvvəl yaranmış münasibətlərə də şamil edilməsi barədə razılaşmışlar. Digər tərəfdən “Torpaq icarəsi haqqında” AR qanununun 14-cü maddəsinin 1-ci bəndinə görə torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Mülki Məcəllənin: 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Torpaq icarəsi haqqında” AR qanununun 14-cü maddəsinin 1-ci bəndinə görə torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. 722.4-cü maddəsinə görə əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə pretenziyalar verilməsi istisna edilmir. Yuxarıda göstərilən qanunvericilik normalarının müqayisəli şəkildə şərh etdikdə aydın nəzərə çarpır ki, torpağın icarə haqqı icarəçidən məhz icarə götürdüyü torpaqdan istifadə etmək, eləcə də bəhərlənmək, gəlir götürmək hüququnun verilməsinə görə alınan haqq olduğundan həmin haqq torpağın icarəçinin faktiki istifadəsində olduğu bütün müddət üçün, hətta icarə müqaviləsinə xitam verildikdən sonrakı müddət üçün də tutulmalıdır. Belə olan halda mübahisəli torpaq sahəsinin 2014-cü ilin aprelindən Cavabdeh istifadəsində olması işin mübahisəsiz halı olduğundan məhkəmə hesab edir ki, həmin torpaq sahəsinə icarə hüququna dair çıxarışın 2019-cu ildə verilməsi Cavabdeh torpaqdan istifadə etdiyi müddət üçün icarə haqqını ödəmək vəzifəsindən azad etmir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəsinə görə 2.085 manat məbləğində borc tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın verilməsinə görə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2085 (iki min səksən beş) manat məbləğində icarə haqqı borcu və iddianın verilməsinə görə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar