Məhkəmə qərarları › İş №e-2-2(113)-1696/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1696/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1696/2022 04.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03.11.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 8000 manat (o cümlədən əsas borcu 0 manat, maliyyə sanksiyası 8000 manat və faiz borcu 0 manat) borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8000 manat (o cümlədən qiymət 8000 manat olan 1 ədəd 260 kilovat transformator) məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 03.11.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 03.11.2021-ci il tarixə yaranan 14627 manat borcuna görə 8000 manat (o cümlədən qiymət 8000 manat olan 1 ədəd 260 kilovat transformator) məbləğində əmlakı siyahıya alınmış və bu barədə 25.11.2021 tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 29.11.2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 03.11.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 8000 manat (o cümlədən əsas borcu 0 manat, maliyyə sanksiyası 8000 manat və faiz borcu 0 manat) ödənilməmiş borcu qalmışdır. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh göndərilmiş 22.10.2021-ci il il tarixli, **********3 saylı bildirişdən görünür ki, vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 03.11.2021-ci il tarixli **********7 saylı “Əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” 25.11.2021-ci il tarixli **********7 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Siyahı iddia ərizəsinə əlavə edilmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 25.11.2021-ci il tarixli aktdan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün Cavabdeh təhvil verilmiş və o imza edərək əmlakı təhvil almışdır. İş materiallarında olan Siyahıya alınmış daşınar əmlakların məxsusluğu barədə izahatdan (iltizam) görünür ki, Cavabdeh siyahıya alınmış 8000 manat məbləğində əmlakının həqiqətən ona məxsus olmasını və siyahıya almağa təqdim etdiyi həmin əmlakının heç bir yüklülüyün olmamasını bildirərək öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. (yeni redaksiya) Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. (yeni redaksiya) Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 03.11.2021-ci il tarixli **********7 saylı qərar çıxarmış və cavabdehə məxsus iddia ərizəsinə qoşma siyahıda göstərilmiş daşınar əmlak siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 25.11.2021-ci il tarixli **********7 nömrəli protokol və akt tərtib edilmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisi üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir və ona məxsus əmlakı satılmaqla dövlət büdcəsinə olan vergi borcu ödənilməlidir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8000 manat məbləğində siyahıya alınmış əmlakının satılmasını tələb etməkdə haqlıdır. Ancaq Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əmlakın ixtisaslaşdırılmış açıq hərrac vasitəsi ilə deyil, xüsusi qaydası müəyyən oldunduğundan iddianın əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində iddia təmin edilə bilməz. Ona görə də, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 03.11.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 8000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8000 manat məbləğində siyahıya alınmış əmlakı satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 8000 manat vergi borcu tutulmalı, satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03.11.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 8000 (səkkiz min) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8000 (səkkiz min) manat məbləğində siyahıya alınmış əmlakı satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 8000 (səkkiz min) manat məbləğində borcu tutulsun. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar