Məhkəmə qərarları › İş №e-2-2(113)-1879/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1879/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1879/2020 24.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iqtisadi işə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin xx/xx/2017ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 321.46 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 131.6 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 390 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2017 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2017 tarixə yaranan 521.46 manat borcuna görə 390 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2020 tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2017 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 321.46 manat, Dövlət Sosial Müdafıə Fonduna 131.6 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan: - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən təkər təmiri sexində vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün Cavabdeh (VÖEN **********) verilmişdir. - Siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə görə nəzərdə tutulan məsuliyyət barədə xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2017-ci il tarixli qərar və xx.xx.2020-ci il tarixli protokol əsasında Cavabdeh 390 manat dəyərində əmlakı siyahıya alınmış, cavabdeh məsul saxlamaya qoyulmaq üçün təhvil verilmiş Siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə yol verdiyi təqdirdə AR CM-in 303-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar olunmuşdur. - Vergi borcunun ödənilməsinə dair xx xxxxxx 2019-cu il tarixli **********632100 nömrəli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 1.471.15 manat məbləğində borcunun olması bildirilərək göstərilən borcların 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. - Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə xx.xx.2020-ci il tarixli **********9 saylı Qərardan görünür ki, əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X4, dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Əmlakın siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli **********9 saylı protokoldan görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********89 saylı qərarına əsasən dövlət vergi müfəttişləri X4 və X3 tərəfindən vergi ödəyicisi Cavabdeh ünvan 1, ev 126 ünvanındakı əmlakları siyahıya alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddələrinə və təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə kiçik iddiyalara dair işlər üzrə (sadələşdirilmiş) icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməldiir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,vergi ödəyicisi olan Cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də xx/xx/2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 321.46 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 131.6 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 390 manat məbləğində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən, siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Həmin Məcəllənin 89.14.1-ci maddəsinə əsasən, siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2011-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməli, Cavabdeh xx/xx/2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 321.46 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 131.6 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 390 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia tələbi təmin edildiyindən cavabdehdən 10 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx/xx/2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 321.46 (üç yüz iyirmi bir manat qırx altı qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 131.6 (yüz otuz bir manat altı qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 390 (üç yüz doxsan) manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar