Məhkəmə qərarları › İş №e-2-2(113)-2264/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2264/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2264/2021 01.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi X1, cavabdeh X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin X4 qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.03.2021-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 187.623,60 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 502.178 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan X6 Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16/03/2021 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 16/03/2021 tarixə yaranan 387.623,6 manat borcuna görə 502.178 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 16/03/2021 tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 16/03/2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 187.623,60 manat ödənilməmiş borcu qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü mаddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh X3 01.06.2021-ci il tarixə 90.000 manat məbləğində borcu olduğunu qeyd etmiş, bununla əlaqədar olaraq, cavabdehdən dövlət büdcəsinə 90.000 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 502.178 manat məbləğində siyahıya alınmış əmlakın ixitisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, cavabdeh iddia ərizəsində qeyd olunan 187.623,60 manat məbləğində vergi borcunun bir hissəsini ödəmişdir. Hazırda cavabdehin dövlət büdcəsinə olan borcu 90.000 manat təşkil etməkdədir. Məhkəmə tərəfindən əlavə vaxt veriləcəyi təqdirdə yerdə qalan məbləği də ödəyəcəkdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə vergi borcunun ödənilməsinə dair 26.01.2021-ci il tarixli, **********3 nömrəli bildiriş göndərilərək, cavabdehin 26.01.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə ödənilməmiş 405.362,21 (dörd yüz beş min üç yüz altımış iki manat, iyirmi bir qəpik) manat olmaqla (o cümlədən, vergilər üzrə 48.31 manat, maliyyə sanksiyaları üzrə 405.313,76 manat, faizlər üzrə 0.14 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) borcun olması göstərilmiş, qeyd olunan borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının vergi öhdəliyini yerinə yetirməmiş, nəticədə vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 16/03/2021-ci il tarixli qərarı ilə cavabdehin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən əmlak siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 16/03/2021-ci il tarixli **********5 saylı protokol və akt tərtib edilmişdir. Bununla yanaşı vergi ödəyicisinin 30 gün müdətində dövlət büdcəsinə borcların ödəmədiyi halda siyahıya alınmış əmlakın satılması haqqında məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş 31.03.2021-ci il tarixli çıxarışdan məlum olur ki, cavabdehin 40 (qırx) manat və 187.583,60 (yüz səksən yeddi min beş yüz səksən üç manat, altımış qəpik) manat olmaqla ümumilikdə 187.623,60 (yüz səksən yeddi min altı yüz iyirmi üç manat, altımış qəpik) manat büdcəyə alınmalı olan borcu var. İddia ərizəsinə əlavə edilmiş X3 şəxsi hesab vərəqəsi çıxarışından məlum olur ki, 16.04.2021-ci il tarixinə cavabdehin ödəməli olduğu 168.127,42 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 16.03.2021-ci il tarixli, **********5 saylı protokola 14 saylı əlavədən görünür ki, Bakı şəhəri, Lökbatan ŞTQ, “Binə T/M” ünvanında yerləşən, Parça satışı mağazasının anbarındakı əmlakın ümumi dəyəri 502.178 manat qeyd edilməklə siyahıya alınmışdır. Yekun olaraq, iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizədən məlum olur ki, hazırda cavabdehin dövlət büdcəsinə ümumilikdə 90.000,01 (doxsan min, bir qəpik) manat ödənilməmiş vergi borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından göründüyü kimi siyahıya alınmış əmlakların vergi ödəyicisinə məxsusluğu ilə bağlı heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla belə yuxarıda qeyd olunan protokola əlavədən məlum olur ki, cavabdeh tərəfindən protokola əlavəyə qol çəkilməsi, əmlakların X4 məxsus olduğunu təsdiqləyən hal kimi qiymətləndirlməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X2 01/06/2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 90.000,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən X3 502.178 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən vergi borcu və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X3 dövlət büdcəsinə 90.000,01 (doxsan min manat, bir qəpik) manat vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə 502.178 (beş yüz iki min yüz yetmiş səkkiz manat) manat məbləğində siyahıya alınmış əmlak açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən dövlət büdcəsinə ödənilməmiş 90.000,01 (doxsan min manat, bir qəpik) manat məbləğində vergi borcu tutularaq dövlət büdcəsinə ödənilsin və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar