Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2397/2022 24.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddia ərizəsinin hazırlandığı 11.04.2022 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2072,70 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2600 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 21.12.2021 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 21.12.2021 tarixə yaranan 2690,73 manat borcuna görə 2600 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 01.03.2022 tarixli **********1 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 04.03.2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 21.12.2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 2072,70 manat ödənilməmiş borcu qalmışdır. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə onun tərəfindən hər hansı bir etiraz məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 21.12.2021-ci il tarixli ********** saylı protokol və əlavədən görünür ki, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən qeyri-yaşayış obyektindəki əmlak siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi olan Cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh 11.04.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 2072,70 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2600 manat dəyərində əmlak siyahıya alınmışdır. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh dövlət büdcəsinə ödəmələri tam həcmdə və vaxtında ödəmədiyindən, borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, qanunvericiklə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların ticarət şəbəkələrində satılması nəzərdə tutulduğuna görə iddiaçının “vergi orqanı tərəfindən müəyyən edilən” hissədə tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN: **********) 11.04.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 2072,70 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2600 manat dəyərində siyahıya alınmış əmlak ticarət şəbəkələrində satılsın. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2397/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2397/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver