Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-250/2022 10.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.05.2021-ci il tarixə qeyd olunan dövlət büdcəsinə 5226,44 manat ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə 40000,0 manat məbləğində siyahıya alınmış əmlakın (Xaçmaz rayonu, Qaradağ Buduğ kəndində 1 hektar sahibkarlıq məqsədli torpaq sahəsi) ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş göndərilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 20.05.2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərar əsasında vergi ödəyicisinin 20.05.2021ci il tarixə yaranan 5226,44 manat olan borcuna görə 40000,0 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 02.08.2021-ci il tarixli, **********6 nömrəli Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 (bir) vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq 06.08.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 20.05.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 5226,44 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasına iddiaçının iştirakı olmadan baxılaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək, dövlət büdcəsinə ödənilməmiş borcunun, 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 20.05.2021-ci il tarixli qərarı ilə cavabdehin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən cavabdehə məxsus 40.000 manat dəyərində əmlakı siyahıya alınmış vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 02.08.2021 tarixli **********6 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldıracağı barədə cavabdehə 06.08.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməmiş, nəticədə cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınmışdır. cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı vergi borcunun onun əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə 100 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, qeyd olunan iş üzrə 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 20.05.2021-ci il tarixə qeyd olunan dövlət büdcəsinə 5226,44 manat ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə 40000 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən vergi borcu və 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır . Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.05.2021-ci il tarixə 5226,44 (beş min iki yüz iyirmi altı manat, qırx dörd qəpik) manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40.000 (qırx min manat) manat məbləğində siyahıya alınmış əmlakı (Xaçmaz rayonu, Qaradağ Buduğ kəndində 1 hektar sahibkarlıq məqsədli torpaq sahəsi) ixtisaslaşdırılmış açıq hərracda satılsın, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən vergi borcu və 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-250/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-250/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver