Məhkəmə qərarları › İş №e-2-2(113)-2604/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2604/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2604/2022 27.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 01.02.2022 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1657.58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1900 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 01.02.2022 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 01.02.2022 tarixə yaranan 1657.58 manat borcuna görə 1900 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 15.03.2022 tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 28.03.2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 01.02.2022 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1657.58 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: İddiaçı tərəfindən cavabdehə göndərilmiş vergi borcunun ödənilməsinə dair bildirişdə 29.11.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 3.000 manat borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh vergi öhdəliyini yerinə yetirməmiş, nəticədə 01.02.2022-ci il tarixli **********45 saylı qərarla vergi ödəyicisinin əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən cavabdehə məxsus 1.900 manat məbləğində əmlak siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə 100 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, qeyd olunan iş üzrə 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehin 01.02.2022 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1657.58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1900 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılmalı və 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01.02.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1657.58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.900 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılsın və 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar