Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3154/2024 02.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: servis xidməti, nəzarət-kassa aparatı, müqavilə azadlığı, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 48 ay xidmət haqqı üçün 288 manat və qeydiyyatdan çıxma aktına görə 35 manat olmaqla ümumilikdə 323 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə “Merkuri 130 F-01” markalı nəzarət-kassa aparatına (bundan sonra NKA) xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin Qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi NKA-nı qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. 2.2. Bu qərara əsasən tərəflər arasında xx.xx.2017-ci il tarixdə 8900 nömrəli aktla müqavilə imzalanmış və NKA qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyicisi hər ay üçün 6 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. 2.3. Vergi ödəyici olan cavabdeh həmin öhdəliyini xx.xx.2019-cu il tarixədək icra etmiş, sonradan xidmət haqqını ödəməmişdir. NKA üçün 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay xidmət pulu ödənilməmişdir. Ümumilikdə cavabdehin 48 ay üçün abunə borcu 288 manat təşkil edir. Qeydiyyatdan çıxma aktı üçün də 35 manat pul məbləği ödənilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 385, 386, 425, 442, 445-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3154/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddiaya etiraz etdi və izahatında bildirdi ki, NKA itmiş, bununla bağlı polisə müraciət olunmuş, tapılması barədə məlumat olmadığından vergi orqanına müraciət olunaraq NKA qeydiyyatdan çıxarılmışdır.
8. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, xx.xx.2017-ci il tarixdə 8900 nömrəli müqaviləyə imza etməmişdir, lakin NKA-dan istifadə etmişdir. NKA qeydiyyatdan çıxarılanadək xidmət haqqı ödənilmişdir, lakin uzun müddət keçdiyindən bu barədə sənəd yoxdur.
9. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmiş, cavabdeh məhkəmə iclasının vaxtının dəyişdirilməsini xahiş etmiş, lakin ərizəsinə məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəbini təsdiq edən hər hansı sübut əlavə etməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını qərara almışdır.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İş materiallarında olan **********088900 nömrəli nəzarət-kassa aparatının qeydiyyata alınma aktından görünür ki, “Merkuri 130F-01” markalı 00221710 zavod nömrəli NKA iddiaçı tərəfindən Cavabdeh (VÖEN: **********) məxsus təsərrüfat subyektində - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Nizami küçəsi, ev 3-də xx.xx.2017-ci il tarixdən istismara verilmişdir.
14. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə bağlanmış 8900 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC (STXM) ilə Cavabdeh (istehlakçı) arasında NKA-ya servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanaraq istehlakçı “Merkuri 130F-01” markalı 00221710 zavod nömrəli NKA-ya istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür.
15. Müqavilənin 2-ci bəndinə əsasən STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür.
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin cavabdehə xx.xx.2021-ci il tarixli cavab məktublarından görünür ki, “Merkuri 130F-01” markalı 00221710 zavod nömrəli NKA-nın tapılması barədə Bakı Şəhəri Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdehə ünvanladığı NKA-nın qeydiyyatdan çıxarılması barədə məktubdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən “Merkuri 130F-01” markalı 00221710 zavod nömrəli NKA qeydiyyatdan çıxarılmışdır.
18. “Nəzarət kassa aparatının qeydiyyat vərəqəsindən (**********3) görünür ki, Cavabdeh məxsus təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdə TPS 320 Smart POS markalı NKA quraşdırılmışdır.
19. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 8900 nömrəli müqaviləyə əsasən xx.xx.2017 – xx.xx.2019-cu il tarixləri əhatə edən 24 ay üçün xidmət haqqı 144 manat ödənilmiş, xx.xx.2019 – xx.xx.2023-cü il tarixləri əhatə edən 48 ay üçün ödənilməli xidmət haqqı isə 288 manat təşkil edir. Həmçinin görünür ki, NKAnın qeydiyyatdan çıxma aktına görə 35 manat borcun olduğu qeyd olunmuşdur.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı tərəfindən “Merkuri 130F-01” markalı 00221710 zavod nömrəli NKA cavabdehə məxsus təsərrüfat subyektində - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Nizami küçəsi, ev 3də xx.xx.2017-ci il tarixdən istismara verilmiş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli 8900 nömrəli NKA-ya servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanaraq cavabdeh “Merkuri 130F-01” markalı 00221710 zavod nömrəli NKA-ya istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi iddiaçıya tapşırmış, iddiaçı isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüş, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün cavabdeh tərəfindən iddiaçıya hər NKA-ya görə aylıq 6 manat məbləğində vəsait ödənilməsi razılaşdırılmış, cavabdehə məxsus təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdə “TPS 320 Smart POS” markalı C090320A00100019 zavod nömrəli NKA quraşdırılmış, 2021-ci ilin iyul ayında “Merkuri 130F-01” markalı 00221710 zavod nömrəli NKA vergi orqanı tərəfindən qeydiyyatdan çıxarılmışdır.
21. İddiaçı bildirir ki, “Merkuri 130F-01” markalı 00221710 zavod nömrəli NKA-ya görə xx.xx.2019 – xx.xx.2023-cü il tarixləri əhatə edən 48 ay üçün 288 manat xidmət haqqı ödənilməmişdir. 258 manat xidmət haqqının və NKA-nın qeydiyyatdan çıxma aktına görə 35 manat pulun tutulmasını xahiş edir.
22. Cavabdeh iddianın rədd olunmasını xahiş edir və bildirir ki, NKA vergi orqanı tərəfindən 2021-ci ilin iyul ayında qeydiyyatdan çıxarılmış, xidmət haqqını NKA qeydiyyatdan çıxarılanadək ödəmişdir. Lakin ödəniş ilə bağlı sənədi yoxdur.
23. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır.
24. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli Qərarı ilə ləğv olunmuşdur): - 9.1-ci bəndinə əsasən NKA-nın istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır. - 9.2-ci bəndinə əsasən NKA-nın istehlakçısı NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır. - 9.3-ci bəndinə əsasən NKA istehlakçısının vəzifələri: vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; NKA-nın istismar sənədlərinə və qüvvədə olan normativ aktlara uyğun istismarını təmin etmək; STXM və vergi orqanları işçilərinin NKA-ya istismar vaxtı qoyulmuş qaydalara əməl olunması üçün olan göstərişlərini yerinə yetirmək; vergi orqanları və STXM işçilərinin NKA-nın işinə baxışa maneəsiz buraxılışını təmin etmək; STXM işçilərinin tədbirlər planına əsasən NKAya servis texniki xidməti göstərmələri üçün şərait yaratmaq; NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq meydana çıxarsa bu barədə vergi orqanlarına və STXM-ə təcili məlumat vermək və s. - 10.1-ci bəndinə əsasən NKA-nın servis-texniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir. - 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: NKA-yı göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri NKA-nın servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır; NKA-nın istismara verilməsini, o cümlədən onların satışqabağı hazırlanmasına, konservasiyadan çıxarılmasına, nizamlanmasına, sazlanmasına və funksional xarakteristikalarına nəzarətini həyata keçirir; NKA-nın servis texniki xidmətə və təmirə qoyulduqda vergi orqanlarında qeydə alındıqda, uçotdan çıxarıldıqda, istifadə forması dəyişdikdə və digər hallarda NKA-nın sazlığı barədə texniki rəy tərtib edir; NKA-nın istismarı üçün istehlakçı tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlayır; NKA-nın pasportu və ya formulyarı itdikdə bu sənədlərin dublikatlarını verir. Bu vaxt modelin adının və zavod nömrəsinin dəyişilməsinə icazə verilmir; istehlakçılara NKA-dan istifadəsinə dair məsləhət verir; istehlakçıların istismar zamanı işlədilən materiallarla təminatına köməklik edir; istehlakçının yazılı sifarişinə müvafiq olaraq NKA-nın proqramlaşdırılmasını və yenidən proqramlaşdırılmasını həyata keçirir; qüvvədə olan qaydaya müvafiq olaraq bərpası mümkün olmayan NKA-nın sökülməsini, həmçinin onlardan çıxarılmış hissələrin və blokların utilizasiyasını aparır; NKA-nın istehlakçılarının işçi heyətinə və vergi orqanlarının işçilərinə NKA ilə işləmək qaydalarının öyrədilməsində iştirak edir; NKA-nın servis texniki xidməti və təmiri ilə bağlı sənədlərin uçotu, saxlanılması və silinməsinin aparılmasını təşkil edir, bunların saxlanılması üçün şəxsi məsuliyyət daşıyan şəxslər təyin edir və s. - 10.7-ci bəndinə əsasən STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət və təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən NKA-nın istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. - 10.8-ci bəndinə əsasən STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək, servis texniki xidmətindən və təmirdən sonra müəyyən olunmuş qaydada NKA-nı plomblamaq, saz olmayan NKA-ları dəyişdirmək və onları icarəyə vermək üçün ehtiyat NKA-ya malik olmaq, NKA-nın uçotunun təşkili üçün onların yenidən istismara verilməsi, həmçinin saz olmayan NKA-nın işlədilməsinin bütün halları (plombların pozulması və təmir üçün NKA-nın istismardan çıxarılması və s.) haqqında vergi orqanlarını xəbərdar etmək, çağırış verildiyi andan şəhər şəraitində 36 saatdan və kənd yerləri şəraitində 72 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etmək, NKA-nın pasportuna (formulyarına) NKA-nın istismara verilməsi, servis texniki xidməti göstərilməsi və təmirin aparılması, habelə aparata elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması, aktivləşdirilməsi və yaxud yaddaşı dolmuş, istismar müddəti başa çatmış və ya nasaz hala düşmüş qurğunun və ya elektron nəzarət lentinin dəyişdirilməsi barədə məlumatları daxil etmək, NKA istismara verilən zaman NKA istehlakçılarını STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan NKA-nın texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq, NKA istismara verildikdə, həmçinin servis texniki xidməti və təmir aparılana qədər və ondan sonra sahələrarası ekspert komissiyası tərəfindən müəyyənləşdirilmiş cədvəllərdə STXM-in nümayəndəsinin imzası və ştampı ilə təsdiq olunmaq şərti ilə fiskal yaddaşın vəziyyətini qeydə almaq, elektron məsafədən ötürmə qurğularını və ya elektron nəzarət lentini NKA-da quraşdırmaq, sazlayıb işə salmaq, tələb olunan hallarda dəyişdirmək və s. servis texniki xidmət mərkəzinin vəzifəsidir.
26. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən hazırkı iş üzrə iddiaçı NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən servis texniki xidmət mərkəzi (STXM), cavabdeh isə əhali ilə pul hesablaşmasını dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparmalı olan NKA-nın istehlakçısıdır. Qeyd olunan Qaydaya əsasən STXM-in və NKA-nın istehlakçısının üzərinə dövlət reyestrinə daxil edilmiş NKA-ya servis texniki və təmiri xidməti göstərməsi barəsində müqavilələr bağlamaq vəzifəsi qoyulmuşdur. Qaydalara nəzər yetirdikdə aydın olur ki, qeyd olunan xidmətin məzmunu ilə bağlı tələblər həmin Qaydalarda ətraflı təsbit olunmuş və xidmət NKA-nın işləkliyinin təmin edilməsi və nəzarətin həyata keçirilməsinə yönəlmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə istinad olunan Qaydaların tələblərinə uyğun xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur.
27. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Məhkəmə qeyd edir ki, iddiaçı xidmət müqaviləsinə əsasən pulun tutulmasını xahiş edir. Mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 11.1ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
31. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə pulun tutulması ilə bağlı hissədə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
32. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddələri təşkil edir.
33. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
34. Hazırkı iş üzrə iddiaçı qeyd olunan normaların tələblərinə uyğun olaraq hüququnu realizə edir, göstərdiyi xidmətlərin dəyərini tələb edir.
35. Məhkəmə xidmətin göstərildiyi müddət və tutulmalı xidmət haqqı məbləği ilə bağlı ilk növbədə qeyd edir ki, cavabdehə məxsus təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdə “TPS 320 Smart POS” markalı C090320A00100019 zavod nömrəli NKA quraşdırılmış, cavabdehin müvafiq müraciəti əsasında “Merkuri 130F-01” markalı 00221710 zavod nömrəli NKA-nın tapılmadığı xx.xx.2021-ci il tarixdə məlum olmuş, cavabdehin xx.xx.2021ci il tarixdə həmin NKA-nın qeydiyyatdan çıxarılması üçün vergi orqanına etdiyi müraciəti əsasında vergi orqanı tərəfindən NKA qeydiyyatdan çıxarılmışdır. İddiaçı cavabdehə ünvanladığı pretenziyada NKA-nın qeydiyyatdan çıxarılması barədə onlarda məlumat olduğunu bildirmişdir. Belə olan halda iddiaçının 2021-ci ilin iyun ayından etibarən cavabdehdə olmayan və qeydiyyatdan çıxarılmış NKA üçün xidmətə görə pul tələb etməsi əsassızdır. Ona görə də iddiaçı cavabdehdən xidmət haqqının ödənilməsini cavabdehə məxsus təsərrüfat subyektində yeni “TPS 320 Smart POS” markalı NKA-nın quraşdırıldığı xx.xx.2021-ci il tarixədək tələb edə bilər.
36. Cavabdeh NKA qeydiyyatdan çıxarılanadək xidmət haqqının ödənildiyini bildirir, lakin bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmir.
37. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
38. Cavabdeh xx.xx.2021-ci tarixədək olan dövr üzrə xidmət haqqının ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
39. Qeyd olunanlara əsasən və iddiaçının xx.xx.2019-cu il tarixdən hesablanmaqla xidmət haqqının tutulmasını tələb etdiyini nəzərə alan məhkəmə hesab edir ki, xidmət haqqı olaraq 00221710 zavod nömrəli NKA-ya görə xx.xx.2019 – xx.xx.2021-cü il tarixləri əhatə edən 18 ay üçün 108 (18 ay x 6 manat) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
41. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
44. Məhkəmə qeyd edir ki, NKA-nın qeydiyyatdan çıxarılması üçün 35 manat pulun tutulması hissəsində iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamədə NKA-nı qeydiyyatdan çıxarmaq səlahiyyəti vergi orqanına həvalə edilmiş, STXM-in belə bir hüququ nəzərdə tutulmamış, öhdəsinə belə bir vəzifə qoyulmamışdır. Həmçinin, işin müəyyən olunan halına əsasən də NKA vergi orqanı tərəfindən qeydiyyatdan çıxarılmışdır. Belə olan halda iddiaçının qeyd olunan pulu tələb etməsinin hüquqi əsası yoxdur.
45. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli xidmət müqaviləsi üzrə 108 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Mediasiya xərcinin tutulması ilə bağlı
46. İddiaçı həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
47. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Məhkəmə iddianın qiyməti 1000 manatadək olduqdan hər bir halda ödənilməli dövlət rüsumunun 30 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 108 (bir yüz səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova