Məhkəmə qərarları › İş №e-2-2(113)-4159/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4159/2021

07.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4159/2021 07.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-nin 20.11.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 113819,06 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 116000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh buna baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 10.09.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 10.09.2020-ci il tarixə yaranan 113819,06 manat borcuna görə 116000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 29.04.2021-ci il tarixli, **********9 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 06.05.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 10 sentyabr 2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 113819,06 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, əmlakın siyahıya alınması barədə protokola əlavə edilmiş siyahıya əsasən ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 100 kv.m qeyri – yaşayış sahəsi siyahıya alınmışdır. Həmin bina "xxxx" MMC tərəfindən inşa edilsə də, bütün qeyri – yaşayış sahələri müqavilələr əsasında ayrı – ayrı şəxslərə satılmışdır. Hətta həmin qeyri – yaşayış sahələrinin bəzilərinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da verilmişdir. İş materiallarında olan: - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMCyə vergi borcunun 5 gün müddətində ödənilməsi tələbi ilə bağlı 21 fevral 2020-ci il tarixli, **********5 saylı bildiriş göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; - vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 10.09.2020-ci il tarixli, **********9 nömrəli qərardan görünür ki, "xxxx" MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakı siyahıya alınmışdır. - 29 aprel 2021-ci il tarixli əmlakın siyahıya alınması haqqında protokoldan və əlavə olunmuş siyahıdan görünür ki, siyahıya alınmış əmlak ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 100 kv.m qeyri – yaşayış sahəsidir və dəyəri 116000 manat qiymətləndirilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. - 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. - 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. - 90.1 maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İşin halları ilə təsdiq olunur ki, idddia ərizəsi üzrə "xxxx" MMC-nin dövlət büdcəsinə 113819,06 manat ödənilməmiş borcu qalmışdır və bu borcun ödənilməsi üçün ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 100 kv.m qeyri – yaşayış sahəsi siyahıya alınmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14.02.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbai tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair Qaydalar”ın 6.19-cu bəndinə əsasən daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir. Hazırkı iş üzrə siyahıya alınmış əmlak daşınmaz əmlak olsa da, qeyd olunan qaydaların tələbinə zidd olaraq həmin qeyri – yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan müqavilələrin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri – yaşayış sahələri müxtəlif şəxslərə satılmışdır. Həmin qaydaların 6.40-ci bəndinə əsasən siyahıya alınma zamanı borcların alınması prosesində borclu olan vergi ödəyicisinə məxsus olmayan (3-cü şəxslərin mülkiyyətində olan) əmlakların siyahıya alınmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə siyahıya alınmış əmlakın cavabdehin mülkiyyətində olmasını təsdiq edən sənəd əlavə olunmadığına görə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar