Məhkəmə qərarları › İş №e-2-2(113)-5937/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5937/2024

07.08.2024 · Xususi icraat - Restrukturizasiya planının təsdiq edilməsi barədə işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5937/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, Ərizəçi Azərbaycan Respublikasının Mərkəzi Bankının ASC "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının sədrinin dəyişdirilməsi barədə xüsusi icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Mərkəzi Bankı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cəmiyyətin ləğvetmə komissiyasının sədri X1 vəzifəsindən azad olunması və X2 Cəmiyyətin ləğvetmə komissiyasının sədri vəzifəsinə təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti (Cəmiyyət) Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli e-2-2(113)- 1575/2020 nömrəli Qətnaməsi ilə müflis elan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 avqust 2020-ci il tarixli e-2-2(113)-1575/2020 nömrəli Qərardadı ilə Cəmiyyətin ləğvetmə komissiyasının tərkibi təsdiq edilmişdir. “Müflisləşmə və iflas haqqında” Qanunun 20-ci maddəsinin 4-cü hissəsinin “k)” bəndinə əsasən əmlak inzibatçısının öz təyinatına xitam vermək və bu barədə ərizə ilə onu təyin edənlərə müraciət etmək hüququ vardır. Hazırda Cəmiyyətin ləğvetmə komissiyasının sədri olan X3 ləğvetmə komissiyasının sədri vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. - 18-ci maddəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına son qoyulur. İşdən göründüyü kimi Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti (Cəmiyyət) Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli e-2- 2(113)-1575/2020 nömrəli Qətnaməsi ilə müflis elan edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti (Cəmiyyət) ləğvetmə komissiyasının sədri X1 vəzifəsindən azad olunması və X2 Cəmiyyətin ləğvetmə komissiyasının sədri vəzifəsinə təyin edilməsi məsələsinə xüsusi icraat qaydasında verilmiş ərizə əsasında məhkəmədə baxıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyinə görə geri qaytarılmalı, ərizəçiyə ərizədə göstərilən məsələlər ilə bağlı birbaşa iflas proseduruna nəzarət edən məhkəməyə ərizə ilə müraciət edilməsi hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikasının Mərkəzi Bankının ASC "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının sədrinin dəyişdirilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılsın. Ərizəçiyə ərizədə göstərilən məsələlər ilə bağlı birbaşa iflas proseduruna nəzarət edən məhkəməyə ərizə ilə müraciət edilməsi hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar