Məhkəmə qərarları › İş №e-2-2(115)-1012/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1012/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1012/2021 05.10.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin nümayəndəsi X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məmmədov Vəkil Rəşid oğlunun iştirakları ilə, İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 30.03.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 27 744,25 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə 21 645,59 manat (vahidinin qiyməti 14 000 manat olan 2 ədəd Türkiyə istehsalı soyuducu qurğu) dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün sonuncunun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə bildiriş təqdim edilmiş, lakin yaranmış borc məbləği büdcəyə ödənilməmişdir. Ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 30.03.2021-ci il tarixli qərar çıxarılmışdır. Qərar əsasında vergi ödəyicisinin 30.03.2021-ci il tarixə yaranan 27 744,25 manat borcuna görə 28 000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 30.06.2021-ci il tarixli, **********2 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 05.07.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məmmədov Vəkil Rəşid oğlu məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, müəssisə fəaliyyətini dayandırmışdır. Müəssisənin gəlirləri əsasən icarə haqlarından ibarətdir. İcarədarlar icarə haqqını ödəmədiyindən borcun ödənilməsi mümkün olmamışdır. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan: “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarların bir icraatda birləşdirilməsi barədə” 12 saylı Ərazi Vergilər baş İdarəsinin 30.03.2021-ci il tarixli, **********2 nömrəli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əmlakının siyahıya alınması haqqında qərarlar bir icraatda birləşdirilmişdir. 30 iyun 2021-ci il tarixli, **********2 nömrəli protokolun məzmunundan görünür ki, dövlət vergi müfəttişi tərəfindən 30.03.2021-ci il tarixli qərara əsasən vergi ödəyicisinə məxsus ünvan 1i ünvanında yerləşən istehsalat obyektindən vahidinin qiyməti 14 000 manat olan 2 ədəd Türkiyə istehsalı soyuducu qurğu siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» 30.06.2021-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. 05.07.2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan məlum olur ki, əmlakların siyahıya alındığı vaxtdan 30 gün müddətində cavabdeh tərəfindən dövlət büdcəsinə olan vergi borcu tam ödənilmədiyi təqdirdə həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılacağı bildirilmiş, cavabdeh xəbərdarlığı imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30.03.2021-ci il tarixə dövlət büdcəsinə 27 744,25 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə yaranmış 27 744,25 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus olan 28 000 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə olan 27 744,25 (iyirmi yeddi min yeddi yüz qırx dörd manat iyirmi beş qəpik) manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 28 000 (iyirmi səkkiz min) manat məbləğində siyahıya alınmış əmlakı (vahidinin qiyməti 14 000 manat olan 2 ədəd Türkiyə istehsalı soyuducu qurğu) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar