Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-136/2022 04.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin Cavabdeh qarşı əmlakın satılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15.09.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1800,78 manat (1097,74 manat əsas borc, 703,04 manat faiz borcu) məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə 11 000 manat dəyərində siyahıya alınmış əmlakın (2001-ci il buraxılışlı metalik gümüşü rəngli “Mercedes Benz” markalı, sedan tipli 9 HB 631 nömrə nişanlı avtonəqliyyat vasitəsi) ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün sonuncunun məcburi sosial sığorta ödənişi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə bildiriş təqdim edilmiş, lakin yaranmış borc məbləği büdcəyə ödənilməmişdir. Ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 15.09.2021-ci il tarixli qərar çıxarılmışdır.Qərar əsasında vergi ödəyicisinin 15.09.2021-ci il tarixə yaranan 1800,78 manat borcuna görə 11 000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 08 oktyabr 2021-ci il tarixli, **********9 saylı protokol tərtib edilmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan: 08 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli protokolun məzmunundan görünür ki, dövlət vergi müfəttişi tərəfindən 30.08.2021-ci il tarixli qərara əsasən vergi ödəyicisinə məxsus 11 000 manat dəyərində əmlak (2001-ci il buraxılışlı metalik gümüşü rəngli “Mercedes Benz” markalı, sedan tipli 9 HB 631 nömrə nişanlı avtonəqliyyat vasitəsi) siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. Avtomobilim qeydiyyat şəhadətnaməsindən görünür ki, Cavabdeh mülkiyyətindədir. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» 08 oktyabr 2021-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. 12 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan məlum olur ki, əmlakların siyahıya alındığı vaxtdan 30 gün müddətində cavabdeh tərəfindən Dövlət büdcəsinə olan vergi borcu tam ödənilmədiyi təqdirdə həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılacağı bildirilmiş, cavabdeh xəbərdarlığı imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh 15.09.2021-ci il tarixə dövlət büdcəsinə borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin sosial sığorta fonduna yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus olan 11 000 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdeh 15.09.2021-ci il tarixə məcburi sosial sığorta fonduna olan 1800,78 (min səkkiz yüz manat yetmiş səkkiz qəpik) manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 11 000 (on bir min) manat məbləğində siyahıya alınmış əmlakı (2001-ci il buraxılışlı metalik gümüşü rəngli “Mercedes Benz” markalı, sedan tipli 9 HB 631 nömrə nişanlı avtonəqliyyat vasitəsi) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. 38,01 (otuz səkkiz manat bir qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-136/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-136/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver