Məhkəmə qərarları › İş №e-2-2(115)-56/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-56/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-56/2020 26.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1, Cavabdeh firmasının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh firmasına qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair ilk iddiası və Cavabdeh firmasının 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergilər üzrə hesablanmış borcların ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh firmasına qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11346,47 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 13600 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Firması Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır.Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019 tarixə yaranan 13641,93 manat borcuna görə 13600 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019 tarixli **********7 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 11346,47 manat ödənilməmiş borcu qalmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh firmasının dövlət büdcəsinə ödənilməmiş 6539,99 (o cümlədən maliyyə sanksiyaları üzrə 4972,8 manat və faizlər üzrə 1567,19 manat) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 13600 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh firması 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergilər üzrə hesablanmış borcların ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixədək Cavabdeh firmasının vergilər üzrə hesablanmış borcların ləğv edilməsi və ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə iddia ərizəsində göstərilən borcun yaranma mənbələri və dövrləri barədə arayış tələb etmişdir. xx xxxxxx 2019-cu il tarixdə vergilər üzrə borcların cədvəli göndərilmişdir. Cədvəldə 4712,8 manat maliyyə sanksiyasının tətbiq edildiyi göstərilmişdir. Halbuki, o, 2006-cı ildən 2011-ci il tarixədək şərab istehsalı ilə məşğul olmuşdur və lisenziyasının müddəti bitdiyinə görə şərab istehsalını dayandırmışdır. xx xxxxx 2016-cı il tarixdən yenidən şərab istehsalına başlamışdır. xx xxxx 2016-cı il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********7309 saylı qərarına əsasən operativ vergi nəzarəti keçirilməsinə qərar verilmişdir, xx xxxxxx 2016-cı il tarixdə araşdırma başa çatmış və heç bir nöqsan aşkar edilməmişdir. xx xxxxxxx 2018-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsi əsassız operativ vergi nəzarəti keçirilməsi üçün **********466 №-li tələbnamə ilə sənədlər tələb etmişdir. xx xxxxxxx 2018-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı Qiyas Məmmədova sənədləri təqdim etmişdir. Həmin vaxt Qiyas Məmmədov ondan 2016-cı ilin üzüm qəbulunun aktını tələb etmişdir, lakin ona bildirmişdir ki, axırıncı dəfə üzümü 2011-ci il tarixdə almışdır və firmada 192440 litr şərabı olduğundan əlavə üzüm almağa ehtiyacı olmamışdır. Həmçinin, bildirmişdir ki, o, 2016-cı ilin aprel ayında fəaliyyətə başlamışdır və üzümün yığım mövsümü avqust-noyabr ayları olduğundan bu aktı tələb etmək özü absurddur. Lakin 2016-cı il üçün üzümü alış aktının olmaması barədə əsassız olaraq aktı tərtib etmişlər və 4712,8 manat əsassız maliyyə sanksiyası tətbiq etmişlər. 964,9 manat aksiz, 900 manat ƏDV ilə bağlı bildirmişdir ki, “xxxx” MMC (VÖEN **********) 1000 dal şərab satmaq üçün elektron qaimə yazılmışdır.Lakin şərabın aksiz və ƏDV vergisi ödənilmədiyindən mal verilməmiş və qaimə ləğv olunmuşdur. 655,31 manat aksiz, 1243, 28 manat ƏDV ilə bağlı bildirmişdir ki, həmin məbləğ xx.xx.2019-cu il tarixdə “xxxx” ASCyə ödənilmişdir. 3423,35 manat təsdiqlənməmiş azalma acıqlama verilmədiyindən izah verə bilmir. Yuxarıda göstərdiklərindən əlavə olaraq, bildirmişdir ki, 2018-ci il dövründə borclu bağlı 12 saylı Ərazi Vergilər Baş İdarəsi Samux Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh firmasının xx.xx.2018-ci il tarixə 3197,14 manat borcu olduğundan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında xx xxxxxx 2018-ci il tarixdə 3711 manat ödədiyini bildirmiş və qəbzləri məhkəməyə təqdim etmişdir. Samux Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(058)-125/2019 №-li qətnaməsi ilə ərizə təmin edilməmişdir. Beləliklə xx xxxxxx 2019-cu il tarixə 513,86 manat artıq ödəmə alınmışdır. xx.xx.2019-xx.xx.2019-cu il tarixə 2523,64 manat aksiz vergisi, 4266,72 manat ƏDV hesablanmışdır. Hesablanmış vergilər üzrə “xxxx” ASC-yə 2738,69 manat aksiz vergisi, 4884, 06 manat ƏDV ödənilmişdir. xx.xx.2020-ci il tarixdə 867,3 manat aksiz vergisi 1775,66 manat ƏDV ödənilmişdir. Bununla da, xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə (513,86+215,05+617,34+867,3+1775,66=3989,21 manat) 3989,21 manat artıq ödəniş olunmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, dövlət büdcəsinə ödənilməmiş 6539,99 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılmasını tələb edərkən, 6539,99 manat məbləğində borcun 4972,8 manat hissəsi vergi orqanının qərarları ilə tətbiq edilmiş maliyyə sanksiyaları, 1567,19 manat hissəsi isə faizlər üzrə borca aiddir. Maliyyə sanksiyaları üzrə qərarlar ləğv edilmədiyindən, vergi borcunun ləğv edilməsi barədə cavabdehin tələbi təmin edilə bilməz. Ona görə də, məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh firmasının nümayəndəsi X4 məhkəmə iclasında ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, vergi orqanının maliyyə sanksiyası ilə bağlı qərarları məhkəmə qaydasında ləğv edilməmişdir. Vergi orqanının qərarlarından müvafiq məhkəməyə şikayət versə də, müddət keçdiyi üçün iddiası mümkünsüz sayılmışdır. Bundan başqa, 6539 manat borca görə 13000 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması düzgün deyil. Ona görə də, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Əmlakının siyahıya alınması haqqında” xx.xx.2019-cu il tarixli, **********7 saylı protokoldanvə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi barədə” həmin tarixli aktdan görünür ki, vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisi olan Cavabdeh firmasının ümumilikdə 13600 manat dəyərində əmlakı yəni, 9000 manat dəyərində 1 ədəd şərab süzmək üçün xətt, 4000 manat dəyərində 1 ədəd dəmir çən və 600 manat dəyərində 1 ədəd kompressor Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi müfəttişi tərəfindən siyahıya alınmaqla borclu hüquqi şəxsin nümayəndəsinin məsul saxlancına təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə siyahıya alınmış əmlakların satılması üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Vergi ödəyicisi olan Cavabdeh firmasının şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə cəmi ödənilməli borcu 13315 manat 26 qəpikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından göründüyü kimi, vergi ödəyicisi olan Cavabdeh Firmasının dövlət büdcəsinə olan 6539 manat 99 qəpik məbləğində vergi borcu cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan ilk iddia tələbi qismən təmin edilməli və cavabdehin dövlət büdcəsinə ödənilməmiş 6539 manat 99 qəpik məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə 1 ədəd 9000 manat dəyərində şərab süzmək üçün xətt ixtisaslaşdırılmış açıq hərrac vasitəsi ilə satılmalıdır. İlk iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, 6539 manat 99 qəpik məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə 13600 manat dəyərində siyahıya alınmış əmlakın açıq hərrac vasitəsilə satılması mütənasibliyin pozulmasına səbəb ola bilər. Qarşılıqlı iddiaya gəldikdə, məhkəmə hesab edir ki, 6539 manat 99 qəpik məbləğində vergi borcunun 4972,8 manat hissəsi vergi orqanının qərarları ilə tətbiq edilmiş maliyyə sanksiyalarına aid olduğundan və həmin qərarlar ləğv edilmədiyindən qarşılıqlı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh firmasının dövlət büdcəsinə ödənilməmiş 6539 manat 99 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1 ədəd 9000 manat dəyərində şərab süzmək üçün xətt ixtisaslaşdırılmış açıq hərracda satılsın. İlk iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar