Məhkəmə qərarları › İş №e-2-2(115)-675/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-675/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-675/2024 06.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli e-2-2(115)-675/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə qədər yaranmış məktəblər üzrə 24096,18 manat, məktəbəqədər müəssisələr üzrə 2499,96 manat olmaqla cəmi 26596,14 manat borc məbləğinin tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh iddiaçıya borcunun cəmi 25394,43 manat təşkil etməsi qeyd edilmişdir. Belə ki, 2022-ci ilin iyun və dekabr ayları üçün cəmi borc 13604,37 manat, 2024-cü ilin yanvar və fevral ayları (xx.xx.2024-cü il tarixədək) üçün isə olan borc 11790,06 manat olmaqla ümumilikdə 25394,43 manat təşkil edir. Gəncə Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli e-2-2(115)-675/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə 8 saylı Ərazi Hesablaşma Mərkəzi arasında bağlanmış **********480 nömrəli bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış 12187 manat 30 qəpik borc və 01 yanvar 2024-cü il tarixdən 22 fevral 2024-cü ilə tarixədək xidmətlərin göstərilməsinə görə yaranmış 11790 manat 06 qəpik borc, cəmi 23977 (iyirmi üç min doqquz yüz yetmiş yeddi) manat 36 (otuz altı) qəpik borc Cavabdehndən tutularaq iddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 avqust 2024-cü il tarixli, 2-2(104)-190/2024 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İş üzrə Cavabdeh 30 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti və ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli e-2-2(115)-675/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzürlü hesab edərək bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, qətnamədən vaxtında apellyasiya şikayəti verilmişdir. Lakin Elektron Məhkəmə İnformasiya Sistemində xəta baş vermiş və apellyasiya şikayəti verən şəxs qismində Cavabdeh deyil, nümayəndə özü qeyd edilmişdir. İş üzrə iddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətin bərpasından imtina olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, prosessual müddətin bərpasına dair ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən kommersiya mübahisəsinə 03 iyul 2024cü il tarixdə iddia icraatı qaydasında baxılaraq qətnamə çıxarılmış, həmin qətnamə xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmənin qətnaməsi 03 iyul 2024-cü il tarixdə çıxarılmış, 09 iyul 2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmənin qətnaməsindən cavabdeh tərəfindən 09 avqust 2024-cü il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə səbəb isə apellyasiya şikayətinin Cavabdeh adından verilməli olduğu halda nümayəndənin adından verilməsi olmuşdur. Daha sonra cavabdeh nöqsanı aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti verilmiş və müddətin bərpa edilməsi ilə bağlı ərizə vermişdir. Müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verilmiş, lakin apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, cavabdeh apellyasiya instansiya məhkəməsinin qərardadında qeyd edilmiş nöqsanı aradan qaldırmaqla vaxt ötürmədən apellyasiya şikayəti vermişdir. Ona görə də ərizə təmin edilməli, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək ona münasibətdə bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 133, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli e-2-2(115)-675/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdehnə münasibətdə bərpa edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver