Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-695/2022 20.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “əmlakın satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 109,29 manat (faiz borcu üzrə 109,29 manat) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10000 manat məbləğində siyahıya alınmış əmlakının (1 ədəd 10000,0 manat dəyərində ** EF *** dövlət nömrə nişanlı “Mercedes Benz 320 minik” markalı 2003-cü il buraxılışlı gümüşü metallik rəngli) ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 688.51 manat borcuna görə 10000 manat məbləğində əmlakı (1 ədəd 10000,0 manat dəyərində ** EF *** dövlət nömrə nişanlı “Mercedes Benz 320 minik” markalı 2003-cü il buraxılışlı gümüşü metallik rəngli) siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 109,29 manat (faiz borcu üzrə 109,29 manat) ödənilməmiş borcu qalmışdır. İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək borcu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan: “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 12 saylı Ərazi Vergilər baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh əmlakının siyahıya alınması qərara alınmış, siyahıya alınmanın həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X1 həvalə olunmuşdur. xx.xx.2022-ci il tarixli **********6 nömrəli protokolun məzmunundan görünür ki, dövlət vergi müfəttişi tərəfindən xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərara əsasən vergi ödəyicisinə məxsus 1 ədəd 10000,0 manat dəyərində ** EF *** dövlət nömrə nişanlı “Mercedes Benz 320 minik” markalı 2003-cü il buraxılışlı gümüşü metallik rəngli avtomaşın siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. AD № 610023 nömrəli X2 Şəhadətnaməsindən görünür ki, gümüşü metalik rəngli, 2003-cü il istehsalı “Mercedes Benz 320” minik markalı **-EF-*** nömrə nişanlı avtomaşın mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən rədd edilməlidir. Belə ki, vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında protokola əlavə olunmuş siyahıdan və əmlakın məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, siyahıya alınma Gəncə şəhəri Atatürk prospekti 41 ünvanı üzrə “Murad market” ərzaq mağazasında həyata keçirilmişdir. Belə görünür ki, siyahıya alınma ərzaq mağazasında həyata keçilmiş və keçirilmə nəticəsində şəxsi minik avtomobili siyahıya alınmışdır. Mağazada 109,29 manat borcun ödənilməsi üçün yetərli olan malın, əşyanən olub olmaması sənədlərdən məlum deyildir. Məhkəmə daha sonra onu qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2-ci maddəsində göstərildiyi kimi, əmlakın siyahıya alınması həmin əmlak üzərində mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasıdır. Hazırkı iş üzrə vergi ödəyicisinin 109 manat 29 qəpik borcuna görə onun 10 000 manat dəyərində əmlakı siyahıya alınmışdır ki, siyahıya alınmış əmlakın dəyəri mövcud borcdan 100 dəfəyə qədər artıqdır. Göründüyü kimi, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması həyata keçirilərkən mütanasiblik prinsipi aşkar şəkildə pozulmuşdur. Vergi Məcəlləsinin qeyd edilən maddəsinə əsasən yaranmış borca görə vergi orqanının vergi ödəyicisinin əmlakını siyahıya almaq hüququ vardır. Lakin, bu hüquqdan istifadə olunarkən mütanasiblik prinsipinə əməl edilməlidir. Mütənasiblik prisipinə görə şəxslərin hüquqlarına müdaxilə edən tədbir məqsədə yararlı və uyğun olmalıdır. Bu məqsədlərə cavab verməyən tədbir qanuni sayılmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir, hüquq ancaq qanunla məhdudlaşdırıla bilər, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsinin mövqeyində qeyd olunduğu kimi hüququn məhdudlaşma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Hazırki halda vergi ödəyicisinin mülkiyyətində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmlakın satılması yolu ilə məhdudlaşdırılması onun mövcud borcuna mütənasib deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X6 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçı inzibati orqan olduğundan onun fəaliyyəti qanunvericilik aktları ilə tənzimlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində mütənasiblik prinsipinin anlayışı verilmişdir. Həmin maddədə göstərilir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri, bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair), hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər, istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər, inventarizasiya aparılmaqla digər əmlak. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “əmlakın satılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-695/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-695/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver