Məhkəmə qərarları › İş №e-2-2(115)-727/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-727/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-727/2021 19.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin Cavabdeh X6 Cəmiyyətinə qarşı “əmlakın satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X6 Cəmiyyətinin 05.04.2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1175,15 manat məbləğində vergi borcun ödənilməsini təmin etmək məqsədi ilə 15000 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, vergi ödəyicisi Cavabdeh X6 Cəmiyyətinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün sonuncunun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə bildiriş təqdim edilmiş, lakin yaranmış borc məbləği büdcəyə ödənilməmişdir.Ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 05.04.2018-ci il tarixli qərar çıxarılmışdır.Qərar əsasında vergi ödəyicisinin 05.04.2018-ci il tarixə yaranan 1175,15 manat borcuna görə 15000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 24 aprel 2021-ci il tarixli, **********1 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 27 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən 05.04.2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1175,15 manat vergi borcudur. Cavabdeh X6 Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan: Cavabdeh X6 Cəmiyyəti-nin şəxsi hesab vərəqəsindən göründüyü kimi 5721,19 manat vergi borcu vardır. **********344-12301 reystr nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən göründüyü kimi Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 38 ünvanında yerləşən qeyri-yaşayış binası olan əmlak kompleksi kimi müəssisə Cavabdeh X6 Cəmiyyəti-nin mülkiyyətindədir. “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 12 saylı Ərazi Vergilər baş İdarəsinin 05.04.2018-ci il tarixli, **********1 nömrəli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh X6 Cəmiyyətinin əmlakının siyahıya alınması qərara alınmış, siyahıya alınmanın həyata keçirilməsi dövlət vergi müfəttişi X2 həvalə olunmuşdur. 24 aprel 2021-ci il tarixli, **********1 nömrəli protokolun məzmunundan görünür ki, dövlət vergi müfəttişi tərəfindən 05.04.2018-ci il tarixli qərara əsasən vergi ödəyicisinə məxsus 15000 manat məbləğində (qiyməti 15000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 38 ünvanında yerləşən qeyri-yaşayış binası olan əmlak kompleksi) siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» 24 aprel 2021-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. 27 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan məlum olur ki, əmlakların siyahıya alındığı vaxtdan 30 gün müddətində cavabdeh tərəfindən Dövlət büdcəsinə olan vergi borcu tam ödənilmədiyi təqdirdə həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılacağı bildirilmiş, cavabdeh xəbərdarlığı imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh X6 Cəmiyyətinin 05.04.2018-ci il tarixə dövlət büdcəsinə 1175,15 manat məbləğində vergi borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir.Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus olan 15000 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdeh X6 Cəmiyyətinin dövlət büdcəsinə olan 1175,15 (min yüz yetmiş beş manat on beş qəpik) manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 15000 (on beş min) manat məbləğində siyahıya alınmış əmlakı (qiyməti 15000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 38 ünvanında yerləşən qeyri-yaşayış binası olan əmlak kompleksi) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar