Məhkəmə qərarları › İş №e-2-2(117)-157/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-157/2020

27.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-157/2020 27.04.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 4 saylı X4 cavabdeh X3 qarşı “cavabdehin xx.xx.2020-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 812 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1115,25 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 10,08 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1420 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ilə bağlı öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 812 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1115,25 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 10,08 manat borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2020-ci il tarixli **********7 nömrəli qərarı əsasında xx.xx.2020-ci il tarixli **********7 nömrəli protokolla cavabdehə məxsus əmlak – hər birinin dəyəri 30 manat olan 4 ədəd İran istehsalı güldan, hər birinin dəyəri 25 manat olan 3 ədəd Gürcüstan istehsalı heykəl, hər birinin dəyəri 15 manat olan 3 ədəd Gürcüstan istehsalı heykəl, hər birinin dəyəri 10 manat olan 3 ədəd İran istehsalı vaza, hər birinin dəyəri 40 manat olan 2 ədəd Çin istehsalı qazan dəsti, dəyəri 120 manat olan 1 ədəd Çin istehsalı qazan dəsti, hər birinin dəyəri 20 manat olan 4 ədəd Rusiya istehsalı vedrə, dəyəri 30 manat olan 1 ədəd İran istehsalı vanna, dəyəri 60 manat olan 1 ədəd Çin istehsalı qazan dəsti, dəyəri 150 manat olan 1 ədəd Çin istehsalı qazan dəsti, hər birinin dəyəri 50 manat olan 2 ədəd Çin istehsalı ütü stolu, hər birinin dəyəri 30 manat olan 4 ədəd İran istehsalı şkaf və hər metrinin dəyəri 5 manat olan 40 metr Türkiyə istehsalı klyonka siyahıya alınmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2020-ci il tarixdə bildirişi şəxsən qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının xx.xx.2020-ci il tarixli **********7 nömrəli qərarı, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli **********7 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “Sosial sığorta haqqında” xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. 7-1-ci maddəsinə əsasən, işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin xx.xx.2020-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 812 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1115,25 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 10,08 manatborcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin və sığortaedənin üzərinə qanunla müəyyən edilmiş vergiləri, sosial sığorta və işsizlikdən sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə xx.xx.2020-ci il tarixə yaranmış 812 manat məbləğində vergi borcunun, sosial sığorta haqları üzrə ödənilməmiş 1115,25 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 10,08 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 1420 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh X2 dövlət büdcəsinə olan vergilər üzrə 812 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1115,25 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 10,08 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1420 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. Cavabdeh X1 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar