Məhkəmə qərarları › İş №e-2-2(117)-237/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-237/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-237/2021 02.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin (bundan sonra mətndə iddiaçı və ya 13 saylı ƏVİ) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “26.02.2020-ci il tarixə qeyd olunan sosial sığorta haqları üzrə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1181 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1400 manat məbləğində siyahıya alınmış əmlakın (1 ədəd 800 manat dəyərində vitrin soyuducunun və 1 ədəd 600 manat dəyərində dondurma üçün soyuducunun) ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun 26.02.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1400 manat məbləğində manat borcu vardır. 22.05.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 26.02.2020-ci il tarixli **********3 nömrəli qərarı əsasında 14.05.2020-ci il tarixli **********3 nömrəli protokolla cavabdehə məxsus əmlak – dəyəri 800 manat olan vitrin soyuducu və dəyəri 600 manat olan dondurma soyuducu və dəyəri 600 manat olan dondurma üçün soyuducu siyahıya alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya məhkəmə sənədləri 12.04.2021-ci il tarixdə təqdim olunsa da, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının 26.02.2020-ci il tarixli **********3 nömrəli qərarı, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə 14.05.2020-ci il tarixli **********3 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunuun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin 26.02.2020-ci il tarixə ödənilməmiş 1181 manat məbləğində borcu yaranmış, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergi borcunu ödəmək vəzifəsi qoyulduğundan və o, borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan bu öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin 26.02.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1181 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 1400 manat dəyərində siyahıya alınmış əmlaklar ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. Bundan əlavə iş üzrə cavabdeh ərizə ilə müraciət edərək qeyd edilən borc məbləğini aylara bölməklə hissə-hissə ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən müraciətlə bağlı bildirir ki, həmin məsələ vergi orqanı ilə razılaşdırmaqla və ya məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra məhkəməyə müraciət etməklə mümkün ola bilər. Hazırkı vəziyyətdə qeyd edilən borcun mövcudluğu sübut olunduğundan, həmçinin bu mərhələdə borcun hissə-hissə ödənilməsi məsələsinə baxılması mümkün deyildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 26.02.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1181 manat məbləğində sosial sığorta haqları borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan Qax şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən mağazada olan 1400 manat dəyərində siyahıya alınmış əmlakı (1 ədəd 800 manat dəyərində vitrin soyuducu və 1 ədəd 600 manat dəyərində dondurma üçün soyuducu) ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar