Məhkəmə qərarları › İş №e-2-2(117)-285/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-285/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-285/2021 26.05.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin 08.02.2021-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 31414,04 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 174400 manat məbləğində siyahıya alınmış əmlakın (qeyri-yaşayış sahəsi-mağaza) ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi vergi ödəyicisi olan cavabdehin vergi öhdəliklərini yerinə yetirmədiyindən onun 08.02.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 31414,04 manat borcu olduğunu, borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 08.02.2021-ci il tarixli **********3 nömrəli qərarı əsasında 16.03.2021-ci il tarixli **********3 nömrəli protokolla cavabdehə məxsus əmlak – hər m2-nin qiyməti 2000 manat olan 87,2 m2 mağaza siyahıya alınmışdır. 29.03.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddiaçı 26.05.2021-ci il tarixdə məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, şəxsi hesab vərəqəsi məlumatlarına əsasən Cavabdeh vergilər və icbari tibbi sığorta haqları üzrə dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. 26.05.2021-ci il tarixə işsizlikdən sığorta haqlarından penya üzrə 3,89 manat borcu vardır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının 08.02.2021-ci il tarixli **********3 nömrəli qərarı, əmlakın siyahıya alınması barədə 16.03.2021-ci il tarixli **********3 nömrəli protokolu, 4 saylı ƏVİ-nin 26.05.2021-ci il tarixli məlumatı, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Məhkəmə araşdırması zamanı iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin məlumatından və şəxsi hesab vərəqəsindən müəyyən edilmişdir ki, cavabdehin vergilər və icbari tibbi sığorta haqları üzrə dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. İşsizlikdən sığorta haqlarından penya üzrə isə 26.05.2021-ci il tarixə 3,89 manat borcu vardır Məhkəmə hesab edir ki, cavabdehin 08.02.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş borcu qalmadığından və işsizlikdən sığorta haqlarından penya üzrə 3,89 manat borcu 26.05.2021-ci il tarixə yarandığından iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia rədd edildiyindən və iddiaçı MPM-in 119.2-ci maddəsinə əsasən müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməmiş 30 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin 08.02.2021-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 31414,04 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 174400 manat məbləğində siyahıya alınmış əmlakın (qeyri-yaşayış sahəsi-mağaza) ixtisaslaşdırılmış açıq hərracda satılması” Ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar