Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-320/2023 05.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “864 manat əsas borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “864 manat əsas borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində (mağaza) quraşdırılmış qaz sayğacına ümumi baxış keçirilmiş, sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmiş və bununla bağlı xx.xx.2021-ci il tarixli ******* nömrəli Akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 4320 m3 qəbul edilməklə dəyəri 864 manat məbləğində müəyyən edilərək abonent İddiaçı dəymiş ziyanın bərpasına dair xx.xx.2021ci il tarixli tələbnamə göndərilmişdir. “Təbii X2 pozulması” haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, Azəriqaz” İB-nin 29/1640-00676-33 nömrəli rəyi üzrə sayğaca baxış keçirilmiş, sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmiş, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabı 90 gün qəbul edilməklə itirimiş qazın həcmi 4320 m3 müəyyən edilmiş və həmin məbləği 0,20 manata vurulmaqla cəmi 864 manat müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq itirilmiş qazın hesablanaraq ödənilməsi tələb olunur. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, istehlakçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac xx.xx.2021-ci il tarixdə X1 əməkdaşları tərəfindən yoxlanılması üçün Cavabdeh İB-nin laboratoriyasına göndərilmişdir. Sayğac açılarkən bütün plomblar yerində olmuş, hər hansı kənarlaşma olmamış, sonradan sayğac zədələnmiş şəkildə göstərilərək dəymiş ziyanla bağlı “Təbii X2 pozulması” haqqında ******* nömrəli Akt tərtib edilmiş və əsassız olaraq cərimə kimi 864 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2023-ci il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilmişdir, lakin o iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdən müəyyən edilir ki, cavabdeh tərəfindən ititilmiş təbii qazın dəyəri hesablanmış qeyri-yaşayış binası iddiaçıya məxsus mağaza binasıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış qaz sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X2” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına ümumi baxış keçirilmiş, sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmiş və bununla bağlı ******* nömrəli Akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 4320 m3 qəbul edilməklə dəyəri 864 manat məbləğində müəyyən edilərək abonent İddiaçı dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamə göndərilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”nə əsasən illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200 manat müəyyən edilmişdir. Odur ki, 4320 kub.m x 0,20 manat = 864 manat. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan, qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstində yoxlama aparılmış, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmiş, eyni zamanda yuxarıda qeyd edilən normaların tələbləri baxımından həmin sayğacın saz vəziyyətdə saxlanması cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. 77.2-ci maddəsinin tələblərinə görə cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Bununla bağlı məhkəmə tərəfindən cavabdehə müraciətlər göndərilsə də, tələbə hər hansı münasibət bildirilməmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən hesablanmış borcun yaranmasının əsasları olmadığından, qanunun tələblərini pozmaqla yoxlama aparıldığından və hər hansı pozuntunun iddiaçının (istehlakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 864 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında Qanunun” 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 (otuz) manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən itirilmiş qazın sərfiyyatı kimi hesablanmış 864 manat borc İddiaçı **********00034 nömrəli abonent hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-320/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-320/2023
05.04.2023 · Sair işlər - Digər - Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver