Məhkəmə qərarları › İş №e-2-2(117)-38/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-38/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-38/2020 23.01.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 9 saylı X1 Cavabdeh qarşı “cavabdehin xx.xx.2019-cu il tarixdə dövlət büdcəsinə ödənilməmiş 3126,28 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 3190 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 3126,28 manat məbləğində borcu yaranmış və cavabdehin şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2019-cu il tarixə 3126,28 manat borcu vardır. Vergi orqanı olan iddiaçı xx.xx.2019-cu il tarixli **********3 nömrəli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2019-cu il tarixli **********6 nömrəli qərarı əsasında xx.xx.2019-cu il tarixli **********6 nömrəli protokolla cavabdehə məxsus əmlak – hər birinin dəyəri 70 manat olan 7 ədəd suvenir çərçivə (Çin istehsalı), hər birinin dəyəri 150 manat olan 6 ədəd suvenir çərçivə (Çin istehsalı), hər birinin dəyəri 150 manat olan 3 ədəd divar saatı (Çin istehsalı), dəyəri 650 manat olan 1 ədəd kondisioner (Sharp, Yaponiya istehsalı), dəyəri 400 manat olan 1 ədəd televizor (Samsung markalı, Koreya istehsalı) və dəyəri 300 manat olan 1 ədəd notebook (Fujitsu markalı) siyahıya alınmışdır. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə bildiriş verilmişdir. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2019-cu il tarixdə bildirişi şəxsən qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, xx.xx.2019-cu il tarixli **********6 nömrəli qərarın surəti, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli **********6 nömrəli protokolun surəti, bildiriş və xəbərdarlığın surətləri daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tələbin maddi hüquqi əsasını Azərbaycan Respublikası Vergi Məcəlləsi təşkil edir. Həmin Məcəllənin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 3126,28 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə xx.xx.2019-cu il tarixə yaranmış 3126,28 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 3190 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh dövlət büdcəsinə olan 3126,28 manat (üç min yüz iyirmi altı manat iyirmi səkkiz qəpik) borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 3190 (üç min yüz doxsan) manat məbləğində siyahıya alınmış əmlakı (hər birinin dəyəri 70 manat olan 7 ədəd suvenir çərçivə (Çin istehsalı), hər birinin dəyəri 150 manat olan 6 ədəd suvenir çərçivə (Çin istehsalı), hər birinin dəyəri 150 manat olan 3 ədəd divar saatı (Çin istehsalı), dəyəri 650 manat olan 1 ədəd kondisioner (Sharp, Yaponiya istehsalı), dəyəri 400 manat olan 1 ədəd televizor (Samsung markalı, Koreya istehsalı) və dəyəri 300 manat olan 1 ədəd notebook (Fujitsu markalı)) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki İnzibati- İqtisadi Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar