Məhkəmə qərarları › İş №e-2-2(119)-1206/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1206/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1206/2025 29.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 1009,52 (min doqquz manat manat, əlli iki qəpik) manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının, iddia ərizəsi verilməsi üçün ödənilmiş 35,1 (otuz beş manat, on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 09 dekabr 2022-ci il tarixli 32 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı qismində olan iddiaçı alıcı qismində olan cavabdehə qida qablaşdırılması ücün plyonkalar, vakuum paketlər, kipslər, petlə və avadanlıqlar satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Malın qiyməti və miqdarı razılaşma ilə elektron qaiməyə əsasən təsdiq edilir. Qaiməyə əsasən, yekun olaraq cavabdehin 1009,52 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanılmış 09 dekabr 2022-ci il tarixli 32 nömrəli müqavilə üzrə sistem tərəfindən təsdiqlənmiş müvafiq elektron qaiməfaktura iddia tələbinin əsaslı olmasını sübut edir. Sözügedən qaimə-fakturanın cavabdeh tərəfindən təsdiq edilməsi qeyd edilən malların cavabdehə təhvil verilməsini sübut edir. Elektron qaimə-faktura elektron qaydada tərtib edildiyi üçün “müəsssisənin rəhbəri”, “fərdi sahibkar”, “təhvil verilən” qrafaları imzalanmamışdır. Məhkəmənin 22 sentyabr 2025-ci il tarixli iclasında cavabdeh borcu ödəyəcəyini bildirmiş və bunun üçün vaxt istəmişdir. Məhkəmə tərəfindən cavabdehə vaxt verilməsinə baxmayaraq, cavabdeh hazırkı vaxta qədər ödəniş etməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 08 avqust və 25 avqust 2025-ci il tarixli iclaslarında iştirak etmiş cavabdeh izahatlarında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bir müddət əvvəl Rasim adlı şəxsdən kolbasa sexinin bir hissəsini icarəyə götürərək satış həyata keçirmişdir. Belə ki, kolbasa sexində istehsal edilən məhsulları “Al Market”-ə satmışdır. Həmin marketdən ödənişləri qəbul etdiyi üçün istifadə etdiyi məmulatların dəyərini də özü ödəmişdir. Rasim adlı şəxs əməkdaşlıqları bitdikdən sonra da həmin məmulatları onun adından almışdır. Borc barədə məlumatı olduqdan sonra Rasim adlı şəxslə əlaqə saxlayaraq borcun onun tərəfindən ödənilməsini tələb etmişdir. Müqavilədəki imza ona məxsus olsa da, müqaviləni faktiki olaraq Rasim bağlamışdır, həmçinin müqavilədə göstərilən malları özü təhvil almamışdır. Məhkəmənin 22 sentyabr 2025-ci il tarixli iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, Rasim adlı şəxslə cari tarixdə görüşmüşdür. 5 gün ərzində Rasim adlı şəxs borcu ödəməsə, özü ödəyəcəkdir. Lakin hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş və iddia ərizəsi ilə tələb edilən xidmət haqqı üzrə ödəniş həyata keçirə bilməyəcəkdir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 09 dekabr 2022-ci il tarixli 32 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı (iddiaçı "xxxx" MMC) alıcıya (Cavabdeh2) qida qablaşdırılması ücün plyonkalar, vakuum paketlər, klpslər petlə və avadanlıqlar satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı razılaşma yolu ilə elektron qaiməyə əsasən təsdiq edilir. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə vergi elektron qaiməni alıcıya təqdim etməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, mal alıcıya təhvil verildikdən sonra alıcı 30 (otuz) iş günü ərzində malın dəyərini ödəməlidir. İş materiallarından görünür ki, 13 dekabr 2022-ci il tarixli EBCL seriyalı 066132 nömrəli elektron qaimə-faktura üzrə 1009,52 manat məbləğində təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsindən çıxarış sənədindən görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 13 dekabr 2022-ci il tarixli EBCL seriyalı 066132 nömrəli elektron qaimə-faktura sistem tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, 09 dekabr 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 855,53 manat dəyərində qida qablaşdırılması üçün vakuum paketlər satmış, bunun üçün 153,99 manat ƏDV təqdim olunmuşdur. Cavabdeh tərəfindən hazırki vaxtadək nə əsas borc, nə də ki ƏDV vergisindən hər hansı məbləğ ödənilməmiş, ümumi borc məbləği 1009,52 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.2.1-ci yarımbəndinə əsasən, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə tərtib edilmiş elektron qaimə-faktura həmin Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş elektron qaimə-fakturaların növlərindən biridir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 09 dekabr 2022-ci il tarixli 32 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin yuxarıda istinad edilmiş 2.1-ci və 4.1-ci bəndlərinə əsasən, malın qiyməti və miqdarı razılaşma yolu ilə elektron qaiməyə əsasən təsdiq edilir. Satıcı malın təhvil verilməsi ilə birlikdə vergi elektron qaiməni alıcıya təqdim etməlidir. Göründüyü kimi, tərəflər müqavilə şərtləri ilə malın qiyməti və miqdarının razılaşma yolu ilə elektron qaiməyə əsasən təsdiq ediləcəyi, o cümlədən malların təhvil verilməsinin əsası kimi elektron qaimə-fakturanın cavabdehə təqdim edilməsinin əsas götürülməsi ilə bağlı razılığa gəlmişdirlər. İş materiallarından görünür ki, müqavilə bəndləri ilə şərtləşdirildiyi kimi, təhvil verilmiş 1009,52 manat dəyərində mallarla bağlı 13 dekabr 2022-ci il tarixli EBCL seriyalı 066132 nömrəli elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmiş, cavabdeh tərəfindən həmin elektron qaimə-fakturaya hər hansı etiraz edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin məhkəmənin 08 avqust 2025-ci il və 25 avqust 2025-ci il tarixli iclaslarında malların təhvil alınmaması ilə bağlı irəli sürdüyü şifahi mülahizələri əsaslı hesab edilmir. Bununla əlaqədar həmçinin o da nəzərə alınmalıdır ki, cavabdeh 22 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında borcun 5 gün ərzində Rasim adlı şəxs tərəfindən, əks halda isə özü tərəfindən ödəniləcəyini bildirərək məhkəmədən vaxt verilməsini xahiş etmiş və cavabdehin müraciəti nəzərə alınaraq iclas cari tarixə təxirə salınsa da, o, məhkəmə iclasına gəlməmişdir, eyni zamanda hər hansı ödəniş etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 1009,52 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş iddiaçı və Vəkil arasında bağlanmış 26 fevral 2025-ci il tarixli 158 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1ci bəndinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla aylıq 550 manat müəyyən olunur və müqavilə imzalandıqdan sonra ödənilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 500 manat məbləğində pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 500 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 350 manat məbləğində pul tutulmalıdır. Bunlardan əlavə, iş materiallarında olan 05 iyun 2025-ci il tarixli **********34 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30,09 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1009,52 manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 350 manat məbləğində xidmət haqqının və 30,09 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1389,61 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh2 1009,52 (min doqquz manat, əlli iki qəpik) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqının və 30,09 (otuz manat, doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1389,61 (min üç yüz səksən doqquz manat, altmış bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar