Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1386/2024 31.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş "müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək məhkəmədən sayğac sxemlərinin yoxlanışı və dəyişdirilməsi üzrə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxıldığına görə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş İddiaçı da qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması - iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə təsdiq edilməlidir. Lakin hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir. “Elektron məhkəmə” İnformasiya sistemində olan məlumatlarla da İddiaçı hal-hazırda qanuni əsaslarla fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən edilmir. Qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti qanunla nizamlanan və müvafiq qaydada qeydə alınan fəaliyyət sahəsi olduğu üçün hər hansı bir subyektin sahibkarlıq fəaliyəti ilə məşğul olması, ilk növbədə onun sahibkar kimi qanuni əsaslarla qeydə alınmasından (hüquqi şəxs yaratmaqla və yaxud hüquqi şəxs yaratmadan) və bunun əsasında sahibkarlıq fəaliyyətinin yaranmasından asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq - vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Göründüyü kimi, “sahibkarlıq fəaliyyəti” qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. Lakin hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə İddiaçı hal-hazırda qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsində verilən “müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələb məhkəmə aidiyyəti üzrə kommersiya icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində deyil, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə, əlavə olaraq diqqətə çatdırmağı zəruri hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddia ərizəsinin forma və məzmununa dair Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə riayət etməli, həmçinin həmin Məcəllənin 150-ci maddəsində qeyd olunan müvafiq sənədləri iddia ərizəsinə əlavə etməlidir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş "müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1386/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1386/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver