Məhkəmə qərarları › İş №e-2-2(119)-1569/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1569/2022

30.09.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1569/2022 30.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, həmin kiçik mübahisələr üzrə iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə məhkəmə bildirişi müvafiq qaydada Cavabdeh göndərilmişdir. Lakin, cavabdehin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması” tələbi barədə iddia ərizəsinə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından - iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 yanvar 2001-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı - vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Eyni zamanda, Vergi Məcəlləsinin 90.2-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26-cı maddəsinin 01 yanvar 2020ci ilədək qüvvədə olmuş redaksiyasında da müvafiq mətn nəzərdə tutulmuşdu. Yəni, Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinin 01 yanvar 2020-ci ilədək qüvvədə olmuş redaksiyasında qeyd edilirdi ki, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir (maddə 26.1); Vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr inzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə aiddir (maddə 26.2.8). Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin mətninə edilmiş və 01 yanvar 2020-ci ildən qüvvəyə minmiş mövcud dəyişikliyə əsasən isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır və həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinin mətninə edilmiş dəyişiklikdən sonra hal-hazırda kommersiya məhkəmələrinin səlahiyyətinə Məcəllənin 40-5-ci, 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlər istisna olmaqla, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrinə baxmaq aid edilmişdir. Yəni, Azərbaycan Respublikası MPM-in 26-cı maddəsinin 01 yanvar 2020-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasında vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə iddialarından irəli gələn mübahisələrə mülki icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılması nəzərdə tutulsa da, maddənin mətninə dəyişiklikdən sonra qeyd edilən inzibati mübahisələrə mülki icraat qaydasında kommersiya məhkəmələri tərəfindən baxılması üçün qanuni əsaslar müəyyən edilməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır”. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında hansı mübahisələrin kommersiya mübahisələri hesab edilməli olduğuna bir daha aydınlıq gətirilmiş və həmin Qərarda qeyd edilmişdir ki, “məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır”. Yəni, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarından da görünür ki, dövlət orqanlarının yalnız mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində iştirak etdiyi hüquq münasibətlərindən irəli gələn mübahisələr (müəyyən xüsusi icraat işləri istisna olmaqla) kommersiya mübahisəsi hesab olunur. Dövlət orqanının inzibati orqan kimi ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti (hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı) ilə bağlı iddialara baxılması isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə iddiaçı inzibati orqan olduğundan və vergi (və digər) borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün “vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması” barədə iddia tələbi onun ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti ilə bağlı tələb olduğundan – bu mübahisə subyekt tərkibi və mübahisənin irəli gəldiyi hüquq münasibətinin xarakterinə görə inzibati mübahisədir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26-cı maddəsinə dəyişiklikdən sonra “vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması” barədə iddialara mülki icraat qaydasında və kommersiya məhkəmələri tərəfindən baxılmasının prosessual əsası aradan qalxsa da, Vergi Məcəlləsinin 90.2-ci maddəsinin mətnində bununla bağlı hər hansı dəyişiklik edilməmişdir. Lakin, eyni hüquqi qüvvəyə malik normativ hüquqi aktlar (hazırkı halda Məcəllələr) arasındakı kolliziyanın həll edilməsi qaydası “Normativ hüquqi aktlar” haqqında Qanunda nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Bu maddədə yeni normativ hüquqi akt termini eyni zamanda mövcud normativ hüquqi aktda edilmiş yeni dəyişikliyi də özündə ehtiva edir. Odur ki, məhkəmə, qeyd edilən normanın tələbini də nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2001-ci ildən qüvvədə olan 90.2-ci maddəsində hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada – yəni, “mülki iddia icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılması” nəzərdə tutulsa da, inzibati-iqtisadi məhkəmələr ləğv edildiyindən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26-cı maddəsinin mətninə 2020-ci ildə edilmiş dəyişiklikdən sonra artıq Mülki-Prosessual Məcəllədə vergi borcları ilə bağlı iddialara mülki iddia icraatı qaydasında baxılmasını və kommersiya məhkəmələri tərəfindən baxılmasını müəyyən edən qayda olmadığından, hazırkı iddiaya kommersiya mübahisəsi kimi baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə də, iddiaçı tərəfindən “vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması” tələbi barədə iddia ərizəsində irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, mübahisəyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati icraat qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı olduğundan, iddiaçının aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması” tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, vergi ödəyicisinin siyahıya alınmış əmlakının Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada satılması ilə əlaqədar aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar