Məhkəmə qərarları › İş №e-2-2(119)-245/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-245/2022

25.02.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-245/2022 25.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2021-ci il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 549,55 (beş yüz qırx doqquz manat 55 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus 1000 manat məbləğində siyahıya alınmış bir ədəd “qaldırıcı” qurğunun ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə ünvan 1 ünvanında qeydiyyatda olan vergi ödəyicisi - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) 10 dekabr 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 549,55 (beş yüz qırx doqquz manat 55 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması üçün siyahıya alınması barədə 13 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin Qərar əsasında vergi ödəyicisinin ödənilməmiş yuxarıda qeyd olunan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə 13 dekabr 2021-ci il tarixli **********285700 nömrəli Protokol, akt və digər sənədlər tərtib edilmişdir. Həmin sənədlər əsasında vergi ödəyicisi Cavabdeh məxsus ümumilikdə 1000 manat dəyərində qiymətləndirilmiş bir ədəd “qaldırıcı” qurğu siyahıya alınmış və həmin əmlak siyahıya alındıqdan sonra saxlanılması üçün cavabdehin məsul saxlancına verilmişdir. Lakin, Cavabdeh 24 fevral 2022-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 549,55 (beş yüz qırx doqquz manat 55 qəpik) manat məbləğində borcu ödəmiş olduğunu bildirmiş və bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə həyata keçirilmiş 01 fevral 2022-ci il tarixli ********* nömrəli, 01 fevral 2022-ci il tarixli ********* nömrəli və 22 fevral 2022-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzlərini məhkəməyə təqdim etmişdir. Həmin ərizəyə əlavə edilərək, məhkəməyə təqdm olunmuş 01 fevral 2022-ci il tarixli ********* nömrəli, 01 fevral 2022-ci il tarixli ********* nömrəli və 22 fevral 2022-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 01 fevral 2022-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 549,55 (beş yüz qırx doqquz manat 55 qəpik) manat məbləğində pul vəsaiti, 01 fevral 2022-ci il və 22 fevral 2022-ci il tarixlərdə isə Dövlət Vergi Xidməti – Milli Gəlirlər Departamentinin hesabına müvafiq olaraq 475 (dörd yüz yetmiş beş) manat məbləğində və 552 (beş yüz əlli iki) manat məbləğində ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra, həmin iddia ərizəsində nəzərdə tutulan 10 dekabr 2021-ci il tarixinə hesablanmış borc Cavabdeh tərəfindən ödənilmiş və bununla da, hal-hazırda həmin borcun ödənilməsi üçün 13 dekabr 2021-ci il tarixli **********285700 nömrəli Protokol əsasında siyahıya alınmış bir ədəd “qaldırıcı” qurğunun hərrac vasitəsi ilə satılması zərurəti aradan qalxmışdır. Ona görə də, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-230, 227, 233, 284-1 – 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar