Məhkəmə qərarları › İş №e-2-2(119)-33/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-33/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-33/2021 27.01.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nurullayev Rövşən Azad oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixə yaranmış 82938.85 manat vergi borcunun, işsizlikdən sığorta fonduna ödənilməmiş 50,79 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi ünvanında olan ümumi dəyəri 99266,86 manat təşkil edən 22 adda məişət və elektrik avadanlıqlarının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində göstərilən 50.79 manat məbləğində işsizlikdən sığorta borcunun digər iddia tələbində ifadə edildiyindən həmin tələbin hazırkı iddiadan çıxarılmasını və 82938.85 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 99266,86 manat məbləğində siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədilə cavabdehə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin cavabdeh yaranmış borc məbləğini dövlət büdcəsinə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2018-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə yaranan 83638,85 manat borcuna görə 99266,86 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2018-ci il tarixli **********4 nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2018-ci il tarixli **********886600 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2018-cı il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 82938,85 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Nurullayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında hazırdaCavabdeh MMCnin vergi orqanlarına qarşı çoxsaylı iddiaları üzrə müxtəlif məhkəmələrin icraatında işlərin olduğunu və vergi orqanlarının əsassız vergi hesablamaları barədə qərarlarının ləğv edildiyini, şəxsi hesab vərəqəsinə əsasən təmsil etdiyi müəssisənin xx.xx.2018-ci il tarixə 83638,85 manat borcunun olmadığını bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. “Vergi borcunun ödənilməsinə dair” xx.xx.2018-ci il tarixli, **********181200 nömrəli bildirişdən görünür ki, ümumilikdə 83638,85 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə cavabdeh "Cavabdeh" MMC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli **********4 nömrəli protokoldan görünür ki, vergi borcuna görə cavabdeh "Cavabdeh" MMC-yə məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il tarixli **********4 nömrəli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 99266,86 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş "Cavabdeh" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə etməklə xx.xx.2020-ci il tarixə həmin vergi ödəyicisinin cəmi ödənməli borcu 1.905.294,54 manat, habelə sosial ödənişlər 197,19 manat təşkil edir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi "Cavabdeh" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən isə qeyd edilən məbləğ xx.xx.2020-ci il tarixə 2.166.786,75 manat təşkil edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 iş üzrə məhkəmə iclaslarında vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərarını mübahisələndirildiyini bildirdiyindən məhkəmə qərarlarının təqdim edilməsi üçün məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq məhkəməyə yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2- 1(102)-3019/2019 saylı qərarının və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-29/2020 saylı qərardadının surətləri təqdim etmişdir ki, həmin qərarların hazırkı işlə hər-hansı əlaqəsi müəyyən olunumur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə, Mülki-Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və hazırki iş üzrə iddia təmin edildiyindən 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, 82938,85 manat məbləğində vergi borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə cavabdeh "Cavabdeh" MMC-nin 99266,86 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 82938.85 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə həmin hüquqi şəxsin Abşeron rayonu, Xırdalan qəsəbəsi ünvanında olan anbarında ümumi dəyəri 99266.86 manat təşkil edən 22 adda məişət və elektrik avadanlıqları ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdehndən dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar