Məhkəmə qərarları › İş №e-2-2(119)-411/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-411/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-411/2021 17.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 tərəfindən Cavabdehnə qarşı verilmiş “vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən dövlət büdcəsinə 35782,89 manat məbləğində borcun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 tərəfindən Cavabdehnə qarşı verilmiş “vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə həmin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdehndən dövlət büdcəsinə 35782,89 manat borcun tutulması” barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və həmin tələb “vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixinə dövlət büdcəsinə 35782,89 manat borcunun yaranması” ilə əsaslandırılmışdır. Lakin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə vergi ödəyicilərinin vergi borclarının hesablanaraq dövlət büdcəsinə alınması üçün dövlət vergi orqanlarının kifayət qədər səlahiyyətləri vardır (vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri fəaliyyətlərini nizamlayan qanunvericilik normalarını bildikləri üçün hazırkı qərardadda onların bir-bir sadalanmasına ehtiyac yoxdur) və bunun üçün, yəni vergi borcunun hesablanaraq tutulması üçün - əlavə olaraq məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət yoxdur (vergi borclarının yığılması ilə əlaqədar hansı tədbirlərin görülməsi üçün məhkəməyə müraciət edilməli olması Azərbaycan Respublikası Vergi Məcəlləsində müəyyən edilmişdir). Eyni zamanda, qeyd etmək lazımdır ki, vergi ödəyiciləri tərəfindən mübahisələndirilməyən vergi borclarının dövlət büdcəsinə alınması məqsədilə vergi orqanları tərəfindən qaldırılan iddialar “vergilərin dövlət büdcəsinə ödənilməsi” prosesinin müddətini lüzumsuz olaraq uzada bilər. Buna görə də, vergi orqanlarının səlahiyyətlərini və vergi borclarının hesablanaraq yığılmasını nizamlayan qanunvericilik aktlarına əsasən inzibati orqan olaraq dövlət vergi orqanlarına bu sahədə müvafiq qərarların qəbul edilməsi üçün kifayət qədər səlahiyyətlər verilmişdir və həmin qanunvericilik aktlarının tələblərinə görə vergi borclarının hesablanaraq tutulması üçün məhkəmə aktının qəbul edilməsi tələb olunmur. Lakin, vergi ödəyicisi vergi öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək, hesablanmış vergiləri ödəmədikdə isə vergi orqanının özü tərəfindən lazımi məcburedici tədbirlər görülə və yaxud, Vergi Məcəlləsində nəzərdə tutulan müvafiq məcburedici tədbirlərin görülməsi üçün məhkəməyə müraciət oluna bilər (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək və s.). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddianın yolverilməzliyinə görə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 tərəfindən Cavabdehnə qarşı verilmiş “vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya izah olunsun ki, vergi ödəyicisi vergi öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək hesablanmış vergiləri ödəmədikdə, vergi orqanının özü tərəfindən lazımi məcburedici tədbirlər görülə və yaxud, Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan müvafiq məcburedici tədbirlərin görülməsi üçün məhkəməyə müraciət oluna bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar