Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-577/2020 31.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh “ALEV” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “ALEV” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 60478,11 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri X1 24 saylı anbarında siyahıya alınmış 85 adda, 257019 sayda Çin Respublikasının istehsalı olan və ümumi dəyəri 60476,69 manat təşkil edən müxtəlif növ parfümeriya, məişət əşyaları və avtomobil hissələrinin ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə göndərilsə də, iddia ərizəsinə heç bir sənəd əlavə edilməmişdir. Yəni, iddia ərizəsinə əlavə edilməli olan sənədlər “Elektron məhkəmə” informasiya sistemində iddiaçı tərəfindən yaradılmış elektron kabinetə yerləşdirilərək, məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsi məhkəməyə həmin Məcəllənin 149-150-ci maddələrinin tələblərinə riayət olunmaqla, yazılı şəkildə verilir. Yəni, ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməli (maddə 149) və eləcə də, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər; kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər (cavabdeh) tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir (maddə 150). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə görə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə vergi orqanının müraciətlərinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh “ALEV” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-577/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-577/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver