Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-725/2025 30.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh Xə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Xə qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2494,54 (iki min dörd yüz doxsan dörd manat, əlli dörd qəpik) manat məbləğində pul vəsaiti, 45,4 (qırx beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2539,94 (iki min beş yüz otuz doqquz manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsatinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 may 2024-cü il tarixli RAZ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən, sığortalı X1 istifadəsində olan Sumqayıt şəhəri, Avtovağzal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “daşınmaz əmlakın icbari sığortası” iddiaçı tərəfindən sığorta təminatı verilmişdir. 26 iyun 2024-cü il tarixində Sumqayıt şəhəri, Koroğlu prospekti 15 ünvanında yerləşən Xn istifadəsində olan avtomobil dayanacağının həyətində olan quru ot, kol-kos və qamışlıqda yanğın hadisəsi baş vermiş alov yayılaraq X istifadəsində olan qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq İdarəsinin 24 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Sumqayıt şəhəri, Koroğlu prospekti 15 ünvanında yerləşən avtomobil dayanacağının istifadəçisi X üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda avtomobil dayanacağının elektrik qurğularının müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsini və obyektin elektrik qurğularını yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin etmədiyinə görə, yanğın hadisəsinin 26 iyun 2024-cü il tarixdə avtomobil dayanacağının həyətində olan quru ot, kol-kos və qamışlıqda giriş qapısından avtomobil dayanacağına daxil olduqda sağ tərəf divarın üzərində elektrik xətlərində yaranmış elektrik təbiətli qəza halından yaxınlıqda yerləşən yanar materialların alışmasından baş verdiyi qeyd edilmişdir. Baş vermiş hadisə ilə bağlı 18 iyul 2024-cü il tarixli CFİ-0117/2024-AKT213/24 nömrəli aktla iddiaçı tərəfindən sığortalı X 2494,54 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 18 iyul 2024-cü il tarixli CFİ-0117/2024-AKT213/24 nömrəli "xxxx" ASC-nin səlahiyyətli şəxsləri və sığortalı (zərərçəkən) X3 tərəfindən imzalanmış sığorta aktından görünür ki, sığorta hadisəsi (yanğın) 26 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri, Avtovağzal rayonu, ünvan 1 ünvanında baş vermiş, müəyyən edilmiş zərərin məbləği 3052 manat, azadolma məbləği 552 manat, faktiki ödəniləcək məbləğ 2494,54 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan RAZ********** nömrəli “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsin”dən görünür ki, X məxsus olan Sumqayıt şəhəri, Avtovağzal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək sığortalanmışdır. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli 2447 nömrəli dəymiş zərərin hesabatı adlı sənəddən görünür ki, 26 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri, Avtovağzal rayonu, ünvan 1 ünvanında baş vermiş yanğın hadisəsi nəticəsində 3052 manat məbləğində zərər hesablanmışdır. İş materiallarında olan 18 iyul 2024-cü il tarixli sığortalı Orxan Rüstəmov ilə sığortaçı "xxxx" ASC arasında bağlanmış dəymiş zərər məbləğinin razılaşdırılması barədə sazişin 1.2-ci bəndinə əsasən, sığortalı və sığortaçı 26 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri, Avtovağzal rayonu, Bakı küçəsində yerləşən qeyri-yaşayış obyektində baş vermiş sığorta hadisəsini (yanğın) və daşınmaz əmlaka 3052 manat məbləğində zərər dəyməsini təsdiqləyirlər. Həmin sazişin 1.3-cü bəndinə əsasən, sığortalı və sığortaçı sığorta olunan daşınmaz əmlaka 3052 manat məbləğində dəymiş zərərin "xxxx" MMC tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 552 manat azadolma məbləği çıxıldıqdan sonra 2500 manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər. İş materiallarında olan Orxan Rüstəmov tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizənin məzmununda “26 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri, Avtovağzal rayonu, Bakı küçəsində yerləşən X2 yanğın hadisəsi baş vermişdir. Qeyd olunan əmlak "xxxx" ASC-də RAZ********** saylı şəhadətnamə ilə sığortalanmışdır. Xahiş edirəm dəymiş zərərin ödənilməsi üçün zərərin müəyyən edilərək ödənilməsinə köməklik edəsiniz” qeyd edilmişdir. İş materiallarında olan 24 iyul 2024-cü il tarixli 005XOH********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Xn hesabına 2494,54 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikaısnın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 02 iyul 2024-cü il tarixli 3-18-4/2-2597/24 nömrəli məktubun məzmununda “Sizin 28 iyun 2024-cü il tarixli 1318 saylı məktubunuza cavab olaraq bildiririk ki, Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu prospekti ünvanında yanğın baş verməsi haqda 26 iyun 2024-cü il tarixdə saat 10:06 dəqiqədə Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin “101” xidmətinə məlumat daxil olmuşdur. Hadisə yerinə 4 ədəd yanğın avtomobili manqa tərkibində göndərilmişdir. İlkin yanğından mühafizə bölmələri 26 iyun 2024-cü il saat 10:10 dəqiqədə hadisə yerinə çatmışdır. Yanğından mühafizə bölmələri hadisə yerinə çatan zaman açıq ərazidə qamışlıq və yaxınlıqda olan avto təmir sexinin dam örtüyündə açıq alovla yanğın baş verməsi müəyyən olunmuşdur. Yanğın nəticəsində sahibi məlum olmayan ümumi sahəsi 495 kv.m. olan 11 boksdan ibarət avtomobil təmiri sexinin arxasında 300 kv.m. sahədə qamışlıq, qamışlığın içərisində 2 ədəd istifadəyə yararsız "HYUNDAİ" markalı avtobusun yanar hissələri qismən, sexin ayrı-ayrı bokslarının taxta atmaları və lambirdən ibarət tavanı 50 kv.m. sahədə yanmış, yüksək temperaturdan təmir sexinin divarına quraşdırılmış "ELİT" markalı kondisionerin mühərriki və boksların giriş-çıxış kabelləri 100 p.m. yanmışdır. Yanğın 21 iyun 2024-cü il tarixdə saat 10:28 dəqiqədə 4 ədəd “Universal” əl lüləsi verilməklə 26 nəfər şəxsi heyətin səyi nəticəsində söndürülmüşdür.Yanğından avto təmir sexinin qalan hissəsi mühafizə olunmuşdur” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 noyabr 2024-cü il tarixli qərarın 17-ci və 18-ci abzaslarında “Beləliklə, hadisə yerinə keçirilmiş baxış protokolu, alınmış izahatlarla, ekspert rəyləri və toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, X Sumqayıt şəhəri, Koroğlu prospekti 15 ünvanda yerləşən avtomobil dayanacağının istifadəçisi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda avtomobil dayanacağının elektrik qurğularının müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsini və obyektin elektrik qurğularını yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin etmədiyinə görə, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.15, 2.1.2.3 bəndlərinin və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ 01-2001 nömrəli) 6.1, 6.2-ci bəndlərinin pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində avtomobil dayanacağının həyətində olan quru ot, kol-kos və qamışlıqda yanğın hadisəsi giriş qapısından avtomobil dayanacağına daxil olduqda sağ tərəf divarın üzərində elektrik xətlərində yaranmış elektrik təbiətli qəza halından yaxınlıqda yerləşən yanar materialların atışmasından baş vermişdir. Lakin yoxlama materialından göründüyü kimi, yanğın hadisəsi nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, dəymiş maddi ziyan ağır nəticə kimi qiymətləndirilmir, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən, əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 26 iyun 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış sığortalı X məxsus Sumqayıt şəhəri, Avtovağzal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində yanğın hadisəsi baş vermiş, nəticədə həmin obyektə 3052 manat məbləğində maddi zərər dəymişdir. Həmin məbləğdən 552 manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra iddiaçı tərəfindən ziyan dəymiş obyektin məxsus olduğu Xa 2494,54 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda hazırkı iş üzrə cavabdeh Xn üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, bu qaydalara riayət etmədiyi qeyd edilmiş və yanğın hadisəsinə bu halların səbəb olduğu qeyd edilmişdir. Beləliklə, Mülki Məcəllənin 936.1-ci maddəsinə uyğun olaraq iddiaçının subroqasiya qaydasında dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsdən, yəni cavabdeh Xdan həmin məbləğin əvəzini tələb edib almaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2494,54 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin ödənilmiş 45,4 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 19 mart 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman 45,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın qiymətinə uyğun hesablanmış dövlət rüsumu 44,94 manat təşkil etdiyindən həmin məbləğdə dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2494,54 manat məbləğində borc və 44,94 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2539,48 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Xdən 2494,54 (iki min dörd yüz doxsan dörd manat, əlli dörd qəpik) manat məbləğində borc və 44,94 (qırx dörd manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2539,48 (iki min beş yüz otuz doqquz manat, qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-725/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-725/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver