Məhkəmə qərarları › İş №e-2-2(119)-737/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-737/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-737/2021 02.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh X4 Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşmış açıq hərracda satılması tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.01.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 24890,31 manat ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin 26000 manat məbləğində siyahıya alınmış əmlakının (Xaçmaz rayonu Qaraqurtlu kəndində 2 ədəd su çəni və 1 ədəd tərəzi) ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh X4 Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş göndərilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, sosial sığorta öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 13.01.2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərar əsasında vergi ödəyicisinin 13.01.2021-ci il tarixə yaranan 24890,31 manat Dövlət Sosial Müdafiə Fonduna olan borcuna görə 26000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 15.03.2021-ci il tarixli, **********9 nömrəli Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 (bir) vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq 19.03.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 13.01.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 24890,31 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məznununa uyğun izahat verərək, 13.01.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 24890,31 manat ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh X4 Cəmiyyətinə məxsus 26000 manat məbləğində siyahıya alınmış əmlakın (Xaçmaz rayonu Qaraqurtlu kəndində 2 ədəd su çəni və 1 ədəd tərəzi) ixtisaslaşdırılmış açıq hərracda satılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, “Vergi borcunun ödənilməsinə dair” 11.08.2020-ci il tarixli, **********4 nömrəli bildirişdən görünür ki, ümumilikdə 24,867.49 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə Cavabdeh X4 Cəmiyyətinə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 13.01.2021-ci il tarixli **********9 nömrəli Qərardan görünür ki, vergi borcuna görə Cavabdeh” X4 Cəmiyyətinə məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 15.03.2021-ci il tarixli **********9 nömrəli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 26000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh X4 Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, həmin sənəd 01.01.2020-ci il tarixindən 03.05.2021-ci il tarixədək olan dövrü əhatə etməklə 23.05.2021-ci il tarixə həmin vergi ödəyicisinin cəmi ödənməli borcu 59627,03 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə, Mülki-Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və hazırki iş üzrə iddia təmin edildiyindən 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, 13.01.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 24890,31 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh” X4 Cəmiyyətinə məxsus olan 26000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13.01.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 24890,31 manat borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə cavadeh Cavabdeh X4 Cəmiyyətinə məxsus 26000 manat məbləğində siyahıya alınmış əmlak (Xaçmaz rayonu, Qaraqurtlu kəndində 2 ədəd su çəni və 1 ədəd tərəzi) ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdehdən 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar