Məhkəmə qərarları › İş №e-2-2(119)-746/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-746/2022

27.05.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-746/2022 27.05.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 24.01.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 570 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1070 manat məbləğində siyahıya alınmış əmlakının satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı sadələşdirilmiş icraat qaydasında vermiş olduğu iddia tələbində “1070 manat məbləğində siyahıya alınmış əmlakın satılması” barədə qətnamə qəbul edilməsini xahiş etməklə, iddia tələbində ümumi ifadə olan “əmlak” anlayışından istifadə etmiş və konkret olaraq mübahisə predmeti üzrə hansı əmlakın (əmlakların) satılmalı olması, yəni satışa çıxarılması üçün siyahıya alınmış əmlakın (əmlakların) adını, yerləşdiyi yeri və digər xarakterik əlamətlərini iddia tələbində göstərməyərək, iddia tələbini dəqiq və düzgün qeyd etməmişdir. Həmçinin, iddia ərizəsinin məzmununda da tələbin yönəldiyi siyahıya alınmış əmlakın (əmlakların) adı, yerləşdiyi yer və digər xarakterik əlamətləri qeyd edilməmiş və iddia tələbinin əsaslandırılmasında da iddianın predmeti olan əmlakın (əmlakların) hansı əmlaklardan ibarət olması (əmlakların adı, yerləşdiyi yeri və digər xarakterik əlamətləri (markası, modeli və s.)) göstərilməyərək, ümumi “əmlak” ifadəsindən istifadə olunmuşdur. Eləcə də, vergi və digər məcburi dövlət ödənişləri üzrə yaranmış borcların ödənilməsinə dair “Bildiriş”in mətni iddia ərizəsinə əlavə edilmiş olsa da, həmin “Bildiriş”in həmin vergi ödəyicisinə göndərilməsini və çatdırılmasını sübut edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Yəni, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə vergi ödəyicisinin əmlakı siyahıya alınanadək Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi ödəyicisinin vergi və yaxud, digər məcburi dövlət ödənişləri üzrə yaranmış borcları ilə əlaqədar hər hansı bir formada məlumatlandırılması (xəbərdar edilməsi) və həmin borcların ödənilməsinə dair “Bildiriş”lərin (“Xəbərdarlıq”ların) həmin vergi ödəyicisinə təqdim olunması müəyyən edilmir. Halbuki, vergi ödəyicisinə yuxarıda sadalanan sənədlər elektron kabinet vasitəsi ilə təqdim edildiyi halda, bunu təsdiq edən “Vergi ödəyiciləri ilə yazışmalar barədə Hesabat” və s. də məhkəməyə təqdim oluna bilərdi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması barədə vergi orqanının müraciətlərinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 284-3-cü maddəsinin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir (maddə 284-3.1), ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284-3.2.3) göstərilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin Mülki-Prosessual Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA A L D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar