Məhkəmə qərarları › İş №e-2-2(119)-749/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-749/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-749/2021 02.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.03.2021-ci il tarixə qeyd olunan Dövlət Sosial Müdafiə Fonduna 1226,73 manat ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə 1700 manat məbləğində siyahıya alınmış əmlakın (Hil kəndində 1 ədəd otyığan və 1 ədəd otbiçən) ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş ərizədə cavabdeh qismində “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilsə də, ərizəyə əlavə edilmiş bütün sənədlərdə (əmlakın siyahıya alınması haqqında protokol, şəxsi hesab vərəqəsi, yazışmalar və s.) “xxxx” X2 Məsuliyyətli Cəmiyyətinin adı göstərilmişdir. Yəni, elektron kabinetdə yerləşdirilmiş ərizədə cavabdeh qismində “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilməsinə və “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə tələbin ona qarşı yönəlməsinə baxmayaraq, iddia ərizəsinə əlavə edilmiş və tələbin əsaslandırıldığı bütün sənədlər “xxxx” X2 Məsuliyyətli Cəmiyyəti ilə əlaqədar tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir (maddə 284-3.1), ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284- 3.2.3) və tələbin əsaslığını təsdiq edən sənədlər (maddə 284-3.2.4) göstərilir. Həmin Məcəllənin 284-4.1-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa (maddə 284-4.1.3) və yaxud, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa (maddə 284-4.1.4) - kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA A L D İ M: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması - iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar