Məhkəmə qərarları › İş №e-2-2(119)-78/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-78/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-78/2024 23.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqavilələrinin ləğvi, icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqavilələrinin ləğvi, icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 may 2007-ci il tarixli 432 nömrəli və 25 may 2007-ci il tarixli 431 nömrəli torpaq icarə müqavilələri əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş ümumi sahəsi 21,0 hektar olan torpaq sahəsindən istifadəyə görə yaranmış üzrə 468000 (dörd yüz altmış səkkiz min) manat icarə haqqı, həmin müqavilələr üzrə illik 5% və dəbbə pulu ilə birlikdə cəmi 170820 (bir yüz yetmiş min səkkiz yüz iyirmi) manat olmaqla, ümumilikdə 638820 (altı yüz otuz səkkiz min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, 25 may 2007-ci il tarixli 432 nömrəli və 25 may 2007-ci il tarixli 431 nömrəli torpaq icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin 04 aprel 2006-cı il tarixli 12 saylı iclasının qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə Bakı-Sumqayıt şossesinin 28-ci kilometrliyində kənd təsərrüfatı məhsullarının istehsalı və baza yaratmaq məqsədi ilə 1,0 hektar torpaq sahəsi ayrılmışdır. Eyni zamanda bələdiyyənin 29 avqust 2006-cı il tarixli 31 saylı iclasının qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə Bakı-Sumqayıt şossesinin 28-ci kilometrliyində kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədi ilə gölün perimetri boyunca 7,0 hektar bataqlıq sahə və perimetrin əhatə etdiyi gölün 13,0 hektar sahəsi olmaqla, ümumilikdə əlavə 20,0 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrinə dair tərəflər arasında müvafiq olaraq 25 may 2007-ci il tarixli 432 nömrəli və 25 may 2007-ci il tarixli 431 nömrəli torpaq icarə müqavilələri bağlanılmış, həmin icarə müqavilələrinin qüvvədə olma müddəti 99 il müəyyən edilmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sözügedən torpaq icarə müqavilələri üzrə müəyyən edilmiş müqavilə öhdəliklərini lazımi şəkildə icra etməmişdir. Belə ki, cavabdeh torpaq sahəsinə dair bağlanılmış hər iki icarə müqaviləsi ilə müəyyən edilmiş illik icarə haqlarını ödəməmiş, nəticədə onun iddia ərizəsi ilə məhkəməyə müraciət edilən günədək iddiaçıya icarə haqqı üzrə 468000 (dörd yüz altmış səkkiz min) manat, həmin müqavilə üzrə illik 5% və dəbbə pulu ilə birlikdə cəmi 170820 (bir yüz yetmiş min səkkiz yüz iyirmi) manat olmaqla, ümumilikdə 638820 (altı yüz otuz səkkiz min səkkiz yüz iyirmi) manat məbləğində icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı dəfələrlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciətlər edilsə də, cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmiş və torpaq icarə haqqı üzrə yaranmış borcunu ödəməmişdir. Bütün bu sadalananlar Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edilərək, iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, iddia müddətinin tətbiqi barədə ərizənin əsassız olduğunu, iddiaçının mülki qanunvericiliyə əsasən son üç il üzrə yaranmış icarə haqqı borcunu tələb edə biləcəyini qeyd etmişdir. Eyni zamanda o, iddia ərizəsində həmin müqavilələr üzrə illik 5% və dəbbə pulu ilə birlikdə tələb olunan 170820 (bir yüz yetmiş min səkkiz yüz iyirmi) manat pul vəsaitinin 147420 manatının dəbbə pulu, 23400 manatının isə illik 5 faiz olmaqla hesablanmış zərər olduğunu bildirmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 may 2007-ci il tarixli 431 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyəverən Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən 200000 kv.m torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətinə icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndində görə icarəçi hər il 32000 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan icarəyəverən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 may 2007-ci il tarixli 432 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyəverən Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən 10000 kv.m torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətinə icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndində görə icarəçi hər il 1600 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilələrin 3.4-cü bəndinə əsasən göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməzsə hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq ödəyir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 may 2007-ci il tarixli 432 nömrəli və 25 may 2007-ci il tarixli 431 nömrəli torpaq icarəsi müqavilələri üzrə borcları 468000 (dörd yüz altmış səkkiz min) manat icarə haqqı, 147420 manat dəbbə pulu, illik 5% hesablanmaqla 23400 manat zərər olmaqla, ümumilikdə 638820 (altı yüz otuz səkkiz min səkkiz yüz iyirmi) manat təşkil edir, bu borc 2016-ci ilin altı ayı və 2017- 2023-cü illər üzrə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. - 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, icarəyə verən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 may 2007-ci il tarixli 431 nömrəli müqavilə əsasında icarəyə verən Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən 200000 kv.m torpaq sahəsini illik icarə haqqı 32000 manat olmaqla, 25 may 2007-ci il tarixli 432 nömrəli icarə müqaviləsinə əsasən 10000 kv.m torpaq sahəsini illik icarə haqqı 1600 manat olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətində icarəçiyə istifadəyə vermişdir. İddiaçı həmin müqavilələrdən irəli gələn üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən icarə haqları tam ödənilməməklə, öhdəliklər lazımi qaydada icra edilməmişdir. Buna görə də iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 25 may 2007-ci il tarixli 432 nömrəli və 25 may 2007-ci il tarixli 431 nömrəli torpaq icarə müqavilələri əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş ümumi sahəsi 21 hektar olan torpaq sahəsindən istifadəyə görə yaranmış 468000 (dörd yüz altmış səkkiz min) manat icarə haqqı borcu, həmin müqavilələr üzrə illik 5% və dəbbə pulu ilə birlikdə cəmi 170820 (bir yüz yetmiş min səkkiz yüz iyirmi) manat olmaqla, ümumilikdə 638820 (altı yüz otuz səkkiz min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, 25 may 2007-ci il tarixli 432 nömrəli və 25 may 2007-ci il tarixli 431 nömrəli torpaq icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında icarə haqqının iddiaçıya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan torpaq sahəsini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını tam ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, iddiaçı ödənilməmiş icarə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, müqavilə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olması nəzərə alınmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi qismən əsaslı hesab edilməklə, son üç ildən əvvəlki dövr üçün hesablanaraq tələb olunan icarə haqqı borcuna üç illik iddia müddəti tətbiq edilməli və ona görə də, icarə haqqı borcu üzrə son üç il ərzində 2021-2023-cü illər üzrə ödənilməmiş icarə haqları – yəni, 25 may 2007-ci il tarixli 431 nömrəli icarə müqaviləsi üzrə 96000 manat (illik icarə haqqı 32000 manat x3 il=96000 manat), 25 may 2007-ci il tarixli 432 nömrəli icarə müqaviləsi üzrə 4800 manat (illik icarə haqqı 1600 manat x 3 il=4800 manat) olmaqla, ümumilikdə 100800 (yüz min səkkiz yüz) manat məbləğində icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir - 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 466.3-cü maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. Məhkəmə hesab edir ki, iddianın “147420 manat dəbbə pulu və illik 5% olmaqla hesablanmış 23400 manat zərər olmaqla, cəmi 170820 (bir yüz yetmiş min səkkiz yüz iyirmi) manat pulun tutulması” hissəsi də qismən təmin edilməlidir. İşin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6050 (altı min əlli) manat məbləğində dəbbə pulu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bundan əlavə illik 5% olmaqla hesablanmış zərər qismində isə dəbbə pulunun çatışmayan hissəsi olan 4030 (dörd min otuz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (iki müqaviləyə əsasən 2021-ci il üzrə ödənilməmiş 33600 manat icarə haqqı x 5%=1680 manat zərər, 2022-ci il üzrə ödənilməmiş 67200 manat icarə haqqı x 5%=3360 manat zərər, 2023-cü il üzrə ödənilməmiş 100800 manat icarə haqqı x 5%=5040 manat zərər; 1680+3360+5040=10080 manat; 10080 manat zərər – 6050 dəbbə pulu =4030 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “İcarə haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Yuxarıda təsvir olunanlarla və işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məlum icarə müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdükləri öhdəliklərə tam əməl etməmiş və torpaq icarə haqqlarını müəyyən olunmuş müddət ərzində ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçi Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 may 2007-ci il tarixli 431 nömrəli və 25 may 2007-ci il tarixli 432 nömrəli torpaq icarəsi müqavilələri ləğv edilməli, torpaq sahələri cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə təhvil verilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 18 oktyabr 2023-cü il tarixli MŞS/MT030/2023-02117 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Bunda görə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin 200 (iki yüz) manat hissəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100800 (yüz min səkkiz yüz) manat məbləğində icarə haqqı borcu, 6050 (altı min əlli) manat məbləğində dəbbə pulu, illik 5 % olmaqla hesablanmış 4030 (dörd min otuz) manat məbləğində zərər və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 111080 (yüz on bir min səksən) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə ödənilməli, Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 may 2007-ci il tarixli 431 nömrəli və 25 may 2007-ci il tarixli 432 nömrəli torpaq icarəsi müqavilələri ləğv edilməli, torpaq sahələri cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə təhvil verilməlidir. Eləcə də, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 400,88 (dörd yüz manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100800 (yüz min səkkiz yüz) manat məbləğində icarə haqqı borcu, 6050 (altı min əlli) manat məbləğində dəbbə pulu, illik 5 % olmaqla hesablanmış 4030 (dörd min otuz) manat məbləğində zərər və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 111080 (yüz on bir min səksən) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə ödənilsin. İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 may 2007-ci il tarixli 431 nömrəli və 25 may 2007-ci il tarixli 432 nömrəli torpaq icarəsi müqavilələri ləğv edilsin, torpaq sahələri cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 400,88 (dörd yüz manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar