Məhkəmə qərarları › İş №e-2-2(119)-80/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-80/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-80/2021 17.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X4 nümayəndəsi X2, Cavabdeh "Cavabdeh" MMC-nin direktoru X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X4 Cavabdehnə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X7 cavabdeh "Cavabdeh" MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "Cavabdeh" MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş göndərilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə yaranan 29773,15 manat borcuna görə 55700 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2020-ci il tarixli, **********6 №-li protokol tərtib edilmişdir. Protokola hərracda satılacaq əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2020 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 29673,15 manat və ödənilməmiş borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan Dövlət Sosial Müdafiə Fonduna 29673,15 manat ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə 55700 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə "Cavabdeh" MMC-nin direktoru X3 izahat verərək hazırda klinikanın fəaliyyət göstərmədiyini, lakin əvvəllər vergi borcunu hər zaman vaxtında ödədiyini bildirdi. O, borcu olduğunu etiraf edərək qeyd etdi ki, vergi orqanı tərəfindən klinikaya məxsus “Siemens” markalı bir ədəd tomoqrafiya aparatı və bir ədəd süni tənəffüs aparatı siyahıya alınmışdır. Onların hər ikisi işlək vəziyyətdədir və dəyəri əmlakın siyahıya alınması haqqında protokolda göstəriləndən daha çoxdur. Təkcə tomoqrafiya aparatının qiyməti 150000 manatdır. Yeni alınmış bu aparat mövcud pandemiya ilə bağlı demək olar ki, işlənməyib. Borcunun ödənilməsi üçün elə həmin aparatın satılması kifayətdir. Belə ki, siyahıya alınma zamanı onun qiyməti 48000 manat olaraq müəyyən edilmişdir, borc isə 29673,15 manat təşkil edir. Buna görə də, o, iddia tələbi ilə qismən razı olduğunu, klinikaya məxsus süni tənəffüs aparatının satılması ilə razılaşmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Vergi borcunun ödənilməsinə dair” xx.xx.2019-cu il tarixli, **********893600 nömrəli bildirişdən görünür ki, ümumilikdə 29673,15 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə cavabdeh "Cavabdeh" MMC-yə xəbərdarlıq edilmişdir. Bu borc iş materiallarında olan şəxsi hesab vərəqəsində öz əksini tapır. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2020-ci il tarixli, **********6 nömrəli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdeh "Cavabdeh" MMC-yə məxsus bir ədəd dəyəri 48000 manat olan tomoqrafiya aparatı, bir ədəd dəyəri 7700 manat olan süni tənəffüs aparatı olmaqla, ümumilikdə 55700 manat dəyərində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu 29673,15 manat məbləğində olduğu halda onun 55700 manat məbləğində əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədəuyğun deyil. Belə ki, əmlakın siyahıya alınması haqqında xx.xx.2020-ci il tarixli, **********6 nömrəli protokola əlavə edilmiş siyahıdan göründüyü kimi, "Cavabdeh" MMC-yə məxsus 1 ədəd tomoqrafiya aparatının dəyəri 48000 manat müəyyən olunmuşdur və həmin əmlakın satılması borcun ödənilməsini təmin etmək üçün kifayət edir. Ona görə də, siyahıya alınmış əmlakın dəyəri mövcud borcun məbləğindən çox olduğundan, iddia qismən təmin edilməli, Dövlət Sosial Müdafiə Fonduna 29673,15 manat ödənilməmiş borc məbləğinin ödənilməsini təmin edilməsi məqsədi ilə cavabdeh "Cavabdeh" MMC-nin 48000 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. İddia bir ədəd dəyəri 7700 manat olan süni tənəffüs aparatının ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində əsassız olduğu üçün həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X4 cavabdeh "Cavabdeh" MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 29.673,15 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə “vergi ödəyicisinin əmlakının siyahıya alınması” haqqında xx.xx.2020-ci il tarixli protokola əlavədə göstərilmiş 48000 manat dəyərində 1 ədəd “Siemens” markalı tomoqrafiya aparatı ixtisaslaşdırılmış açıq hərracda satılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar