Məhkəmə qərarları › İş №e-2-2(119)-861/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-861/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-861/2021 23.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, İddiaçı cavabdeh X2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh X1 ünvanı “Astara rayonu, Toradı kəndi” kimi qeyd edilmiş, habelə iddia ərizəsinə cavabdehin həmin ünvanda vergi ödəyicisi kimi qeydiyyata alınması barədə şəhadətnaməsinin surəti əlavə olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Astara rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı iddia ərizəsində Mülki-Prosessual Məcəllənin müstəsna aidiyyət qaydasını nəzərdə tutan 39.1-ci maddəsinə istinad etsə də, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi qeyd edilən maddədə nəzərdə tutulan kateqoriyalara aid olan tələb deyildir. Belə ki, Mülki-Prosessual Məcəllənin 39.1-ci maddəsi “tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında” iddiaların tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilməsini nəzərdu tutur. Hazırkı işdə isə iddiaçı cavabdehdən aralarında olan icarə müqaviləsi üzrə yaranmış borc, işgüzar nüfuza vurulmuş zərər və elektrikdən istifadə edilməsi üçün yaranmış borc olmaqla cəmi 17342,55 manat pulun tutulmasını tələb edir. Belə olduqda isə Mülki-Prosessual Məcəllənin 35.1 və 152.1.3-cü maddələrinə əsasən hazırkı işə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Mülki- Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır.. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmiş iddia ərizəsinin tərəflər bölməsində yalnız iddiaçının adı qeyd edilmiş, cavabdeh haqqında məlumatlar isə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. Məhkəmə qeyd edir ki, sənədlərin elektron təqdim edilməsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15.07.2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının, habelə “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələblərinə əməl olunmalıdır. Belə ki, tərəflərin adları və ünvanları “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmiş iddia ərizəsinin tərəflər bölməsində göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver