Məhkəmə qərarları › İş №e-2-2(119)-882/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-882/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-882/2021 23.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış cəmi 19 (on doqquz) manat dəyərində 2 (iki) qutu tütün məmulatlarının müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında“ 05 aprel 2021-ci il tarixli qərara əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) məxsus Sumqayıt şəhərinin Koroğlu prospektində - “Avtovağzal” ərazisində yerləşən mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və həmin tədbir zamanı orada 19 manat dəyərində 2 qutu aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları (siqaret) aşkar edilərək, 11 aprel 2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin Aktda göstərilən 19 manat dəyərində olan 2 qutu tütün məmulatları (siqaretlər) vergi orqanının müfəttişləri tərəfindən tərtib edilmiş 11 aprel 2021-ci il tarixli Protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi” Qaydalarının 2.0.4-cü bəndinə əsasən tütün məmulatları aksiz markaları ilə markalanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinin tələblərinə görə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək (maddə 23.1.15) və aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək (maddə 23.1.15-4) - vergi orqanının hüququdur. Həmin Məcəllənin 24-cü maddəsinin tələblərinə görə vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq (maddə 24.0.2-2) - vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) Sumqayıt şəhərinin Koroğlu prospektində - “Avtovağzal” ərazisində yerləşən mağazada aksiz markaları ilə markalanmalı olan tütün məmulatlarının satışını lazımi qaydada həyata keçirmədiyindən, vergi əməkdaşları tərəfindən 11 aprel 2021-ci il tarixli Protokol əsasında götürülmüş 19 manat dəyərində olan 2 qutu tütün məmulatlarının (siqaretlərin) qanunvericiliyə uyğun olaraq müsadirə edilməsi barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış cəmi 19 manat dəyərində 2 qutu tütün məmulatları (siqaret) müsadirə edilməlidir. Eləcə də, Cavabdeh dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-230, 227, 233, 284-1 – 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış cəmi 19 (on doqquz) manat dəyərində 2 (iki) qutu tütün məmulatları (siqaret) müsadirə edilsin. Cavabdeh dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar