Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-1367/2022 30.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi ilə İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı əmlakın müsadirə edilməsi barədə kiçik iddiaya dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı cavabdehə məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 14,52 manat olan 44 ədəd tütün məmulatlarının müsadirə edilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, məhkəmənin icraatına götürülmüş, Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə işin icraatı barədə məlumat verilməsi məqsədilə rəsmi bildiriş göndərilmişdir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, MPM-ə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, MPM, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir (maddə 1.1). Digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırılmalıdır (maddə 1.4). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (maddə 5.1). Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Müsadirənin anlayışı isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmişdir. Həmin normaya əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM-lə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPM-in 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırıldığı halda mülki prosesə tətbiq oluna bilər. Digər tərəfdən isə müsadirə anlayışına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmiş anlayış bu cür iddialara mülki məhkəmə icraatı qaydasında baxılmasını birmənalı istisna edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada həll edilməli məsələdir. Buna görə də, o, müsadirəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq həll edə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı cavabdehə məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 14,52 manat olan 44 ədəd tütün məmulatlarının müsadirə edilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddiası əsasında iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, müsadirəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq həll edə bilər. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1367/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1367/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver