Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1546/2021 22.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 27 aprel 2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 34.650 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 34.650 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 27.04.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin. 27.04.2021-ci il tarixə yaranan 191188,29 manat manat borcuna görə 34650 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 11.06.2021ci il tarixli **********8 saylıProtokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 14.06.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 27.04.2021-ci il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 34650 manat ödənilməmiş borcu qalmışdır. Sonradan iddiaçı “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 22.10.2021-ci il tarixinə dövlət büdcəsinə 16.422,37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 34.650 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşıdırlmış açıq hərracda satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 27.04.2021-ci il tarixli qərar üzrə qeyd olunan borc məbləğindən 22.10.2021-ci il tarixə 16.422,37 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı tam müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan vergi borcunun ödənilməsinə dair 16 aprel 2021-ci il tarixli, **********8 saylı bildirişdən görünür ki, Cavabdeh MMC-nin 16 aprel 2021-ci il tarixə dövlət büdcəsinə, ümumilikdə 189.440,62 manat (vergilər üzrə 174.765,92 manat, maliyyə sanksiyaları üzrə 40 manat, faizlər üzrə 14.634,70 manat) məbləğində borcunun olması bildirilərək göstərilən borcun 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli, **********8 saylı sərəncamdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh MMC-nin (VÖEN: **********) Bank "xxxx" ASC-nin “Promo” filialında olan hesabından vergi borcunun dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “əmlakının siyahıya alınması haqqında” 27.04.2021-ci il tarixli, **********8 saylı qərarından görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh MMC-nin əmlaklarının siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X4, dövlət vergi müfəttişi X1 tapşırılmışdır. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” 11 iyun 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, 2095-96-cı məh., Dərnəgül şosesi ünvanında yerləşən Taxtı satışı və anbarı obyektində dəyəri 34.650 (otuz dörd min, altı yüz əlli) manat olan əmlaklar siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 11 iyun 2021-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak icraçı Cavabdeh MMC-yə məsul saxlanmaya verilmişdir. Cavabdeh MMCnin nümayəndəsi X7 aktı və protokolu imzalayaraq, surətini almışdır. İş materiallarında olan Cavabdeh MMC-yə ünvanlanmış 14 iyun 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh MMC-nin 15 iyul 2021-ci il tarixə vergi borcu 218.221,22 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Belə ki, cavabdehin şəxsi hesab vərəqəsində 15 iyul 2021-ci il tarixə cəmi ödənilməli olan vergi borcu 218.221,22 manat göstərilsə də, iddiaçı 27 aprel 2021-ci il tarixli qərar üzrə qeyd olunan borc məbləğindən 22.10.2021-ci il tarixə 16.422,37 manat olduğunu qeyd etmiş və həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 34.650 manat dəyərində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Qanunvericiliyin tələbinə görə vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, vergi borcunu ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC qanunla üzərinə düşən vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən, vergi borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-nin 22 oktyabr 2021-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 16.422,37 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 30 mart 2021-ci il tarixli, **********8 saylı qərarına əsasən siyahıya alınmış 34.650 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 34.650 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-nin 22 oktyabr 2021-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 16.422,37 (on altı min dörd yüz iyirmi iki manat, otuz yeddi qəpik) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 27 aprel 2021-ci il tarixli, **********8 saylı qərarına əsasən siyahıya alınmış 34.650 (otuz dörd min altı yüz əlli) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən 22 oktyabr 2021-ci il tarixə dövlət büdcəsinə olan 16.422,37 (on altı min dörd yüz iyirmi iki manat, otuz yeddi qəpik) manat məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1546/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1546/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver