Məhkəmə qərarları › İş №e-2-2(121)-1733/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1733/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1733/2021 27.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh “Saatlı” X8 Birliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh “Saatlı” X2rşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi cavabdeh “Saatlı” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 27.07.2021-ci il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 680 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 900 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Saatlı” X8 Birliyinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək, siyahıya alınmış əmlakların hərracda satılmasına və iddia tələbinin təmin olunmasına etiraz etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində qeyd olunan tələbi müdafiə etdiklərini və işə onların nümayəndələrinin iştirakı olmadan baxılıb qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, “Saatlı” X8 Birliyinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu vardır. İş materiallarında olan 17.01.2020-ci il tarixli, **********8 nömrəli bildirişin surətindən görünür ki, yaranmış borcların 5 gün müddətində ödənilməsinin təmin edilməsi cavabdehdən tələb edilmişdir. Cavabdehin həmin müddət ərzində borcun ödənilməsini təmin etməsi iş materialları ilə müəyyən olunmur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin əmlakının siyahıya alınması haqqında 20.02.2020-ci tarixli, **********1 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, “Saatlı” X8 Birliyinin əmlaklarının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan əmlakının siyahıya alınması haqqında 17 iyun 2021-ci il tarixli protokolun və protokola əlavə edilmiş siyahının surətlərindən görünür ki, cavabdeh “Saatlı” X8 Birliyinə məxsus Saatlı şəhərində yerləşən, “Saatlı” X8 Birliyinin ofisində, ümumi dəyəri 900 manat olan - vahidinin qiyməti 600 manat 1 ədəd şkaf dəsti və vahidinin qiyməti 300 manat olan stol-stul dəsti siyahıya alınmışdır. İş materiallarında olan 10.02.2020-ci il tarixli, **********9 saylı sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh “Saatlı” X8 Birliyinin (VÖEN: **********) “Beynəlxalq SKB-nın” Saatlı şəhər filialında olan hesabından borcun dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncam verilmişdir. İş materiallarında olan “Saatlı” X8 Birliyinə ünvanlanmış 21 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, qanunverciliyin müddəalarını nəzərə alaraq, məsul saxlamaya qoyulmaq üçün “Saatlı” X8 Birliyinə təhvil verilmiş siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan cavabdeh “Saatlı” X8 Birliyi tərəfindən məhkəməyə ünvanlanan etirazda qeyd edilir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, siyahıya alınmış əmlaklar “Saatlı” X8 Birliyinə məxsus deyildir və həmin əmlaklar X10 mülkiyyətindədir. İş materiallarında olan 28 oktyabr 2013-cü il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən “Saatlı” X8 Birliyinə 1.917,50 manat dəyərində ofis avadanlıqları təhvil verilmiş və “Saatlı” X8 Birliyinin nümayəndəsi X7 həmin əmlakları təhvil alaraq aktı imzalamışdır. İş materiallarında olan arayışdan görünür ki, Azərbaycan Suvarma-Drenaj İnfrastrukturunun “Bərpası və Yenidən Qurulması” çərçivəsində qrant hesabına 1.625 manat dəyərində ofis avadanlığı “Saatlı” X8 Birliyinə verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən X6 ünvanlanmış 19.10.2021-ci il tarixli, 06/04-169 saylı məktubun surətində qeyd edilmişdir ki, vergi orqanlarına olan borcların Dünya Bankının maliyyə yardımı ilə alınmış ofis avadanlıqlarının satılması yolu ilə ödənilməsini məqsədəmüvafiq hesab etmirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh “Saatlı” X8 Birliyi Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsini təmin etməmişdir. Buna görə də iddiaçı tərəfindən cavabdeh “Saatlı” X8 Birliyinə məxsus 900 (doqquz yüz) manat dəyərində avadanlıqları siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsində vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbinə görə vergiləri və digər ödənişləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, borclarını ödəməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, borcun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, lakin borcun ödənilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Həmin Məcəllənin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 mart 2011-ci il tarixli Qərarında, həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdeh “Saatlı” X1 üzərinə düşən ödənişləri (borcları) tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən, borcların onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə həmçinin “Saatlı” X8 Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş siyahıya alınmış əmlakların “Saatlı” X8 Birliyinə məxsus olmaması və həmin əmlakların X10 mülkiyyətində olmasına dair iddia ərizəsinə etirazın dəlilləri ilə razılaşdmır. Belə ki, cavabdeh “Saatlı” X8 Birliyinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək, həmin əmlakların Dünya Bankı tərəfindən onlara hədiyyə edildiyini, əmlakların hazırda Birliyin mülkiyyətində olduğunu və Dünya Bankı qaytarılmayacağını bildirmişdir. Bundan başqa, əmlakların siyahıya alınması zamanı “Saatlı” X8 Birliyinin nümayəndəsi X7 iştirak etmiş, müvafiq aktları imzalamış və hər-hansı etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “Saatlı” X8 Birliyinin 27.07.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 680 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 20.02.2020-ci tarixli, **********1 saylı qərarına əsasən siyahıya alınmış 900 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən Dövlət Sosial Müdafiə Fonduna olan 680 manat borc və 10 manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Saatlı” X8 Birliyindən 27.07.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 680 (altı yüz səksən) manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 20.02.2020-ci tarixli, **********1 saylı qərarına əsasən siyahıya alınmış 900 (doqquz yüz) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Dövlət Sosial Müdafiə Fonduna olan 680 (altı yüz səksən) manat borc və 10 (on) manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar