Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-18/2022 27.01.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17.08.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 15.460,72 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 17200 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 17.08.2020 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 17.08.2020 tarixə yaranan 15.460,72 manat borcuna görə 17200 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 08.09.2020-ci il tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 08/09/2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 17/08/2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 15.460,72 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq bildirib ki, siyahıya alınmış heç bir əmlak cavabdehə məxsus deyil və hal-hazırda istifadəsində deyil. Həmin əmlakların “4 Fəsil” restoranının sahibi X1 məxsus olduğunu bildirir. Əlavə edərək bildirir ki, bu məsələnin məhkəmə qaydasında həll edilməsi başqa bir şəxsin mülkiyyət hüququna kobud şəkildə müdaxilə kimi sayılır. Cavabdehlə obyektin sahibi arasında bağlanmış icarə müqaviləsindən görünür ki, obyekt əşyalarla bərabər sahibinə məxsusdur. Lakin vergi borcu cavabdehə məxsusdur. Eyni zamanda əmlakın siyahıya alınması qərarından inzibati mübahisə açmışdır. Yazaraq xahiş edir ki, kommersiya mübahisəsi baxılan işi qeyri müəyyən bir vaxta təxirə almaqla inzibati qaydada aparılan məhkəmənin nəticəsi araşdırılaraq məhkəməyə verildikdən sonra işə yenidən baxılsın. Belə ki, Şirvan İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli 2-1(120)-283/2021 saylı qərardadına əsasən Cavabdeh Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “17.08.2020-ci il tarixli **********0 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan vergi borcunun ödənilməsinə dair 01.06.2020-ci il tarixli, **********5 saylı bildirişdən görünür ki, Cavabdeh 01.06.2020-ci il tarixə, ümumilikdə 17.036,17 manat (muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 14.615,80 manat, faizlər üzrə 2420,37 manat) məbləğində borcunun olması bildirilərək göstərilən borcun 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “əmlakın siyahıya alınması haqqında” 17.08.2020-ci il tarixli, **********0 saylı qərarından görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh əmlaklarının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” 08.09.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh məxsus Lənkəran rayonu, Şütəmurdov kəndində siyahıya alınmış dekorativ ağ masa, ağ stul, qara setka stol-stul ümumi dəyəri 17200 manat olan əmlaklar siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 08.09.2020-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh aktı və protokolu imzalayaraq, surətlərini almışdır. İş materiallarında olan cavabdehin yazılı izahatından görünür ki, o, restoranın inzibati binasının X1 məxsus olduğunu, siyahıya alınmaya etiraz etmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməmişdir. Qanunvericiliyin tələbinə görə vergi öhdəliklərini və məcburi dövlət sosial sığorta haqqlarını tam həcmdə və vaxtında yerinə yetirmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, dövlət büdcəsinə olan borcunu ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh qanunla üzərinə düşən dövlət büdcəsinə olan borcu tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən, cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsəsən, büdcə təşkilatları məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 166,38 manat dövlət rüsumu cavabdehdən dövlət gəlirinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 17.08.2020-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 15.460,72 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 17.08.2020-ci il tarixli, **********0 saylı qərarına əsasən siyahıya alınmış 17200 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 15.460,72 manat məbləğində vergi borcu və 166,38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17.08.2020-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 15.460,72 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 17.08.2020-ci il tarixli, **********0 saylı qərarına əsasən siyahıya alınmış 17200 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən 17.08.2020-ci il tarixə dövlət büdcəsinə olan 15.460,72 manat məbləğində vergi borcu və 166,38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-18/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-18/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver