Məhkəmə qərarları › İş №e-2-2(121)-198/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-198/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-198/2022 02.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı cavabdehin 15.11.2021-ci il tarixə borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 368.47 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə vergi öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17.01.2022-ci il tarixli qərardadı ilə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərar alınmışdır. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 100 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmaqla iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş **********1180500 saylı 26.07.2021-ci il tarixli bildirişdən görünür ki, X1 (yəni, iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh deyil) onun 23.07.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 818,22 manat məbləğində borc məbləğinin 5 gün ərzində ödənilməsinin tələb edilməsi məqsədi ilə bildiriş göndərilmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş bütün sənədlər X2 (yəni, fiziki şəxs haqqında məlumat, sərəncam, əmlakın siyahıya alınması haqqında qərar, protokol, akt və s.) ilə əlaqədar sənədlərdir. Göründüyü kimi, iddiaçı Cavabdeh borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş olsa da, ona bu barədə müvafiq bildiriş göndərməmişdir. Belə ki, **********1180500 saylı 26.07.2021-ci il tarixli bildiriş iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh deyil, başqa şəxsə, X1 göndərilməklə borcunun 5 gün ərzində ödənilməsinin tələb edilməsi ilə əlaqədardır. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Qeyd edilən Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Göstərilən Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş göndərməlidir. Bu, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsində nəzərdə tutulmuş mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qeyd edilən kateqoriyaya dair işlər üçün qanunla müəyyən edilmiş qaydadır. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. Qeyd edilənlərdən aydın olur ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı mövcud iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya tam əməl etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən bu qaydanı tətbiq etmək imkanı da hələ itirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 70-ci maddəsində sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmasının digər formaları da nəzərdə tutulmuşdur. Həmin Məcəllənin “Vergi ödəyiciləri ilə yazışma” adlanan 70-ci maddəsində sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmış sayılması formalarından biri kimi, onun elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar mövcud olduğundan, ərizə baxılmamış saxlanılmalı, iddiaçıya ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı cavabdehin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 100 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçıya izah olunsun ki, ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar